Putinin iddia etdiyi kimi ağır sanksiyalara məruz qalan Rusiya iqtisadiyyatı stabilləşib? - Reallıq...

Doğrudanmı dünyanın görünməmiş ən ağır sanksiyalarına məruz qalan Rusiya iqtisadiyyatı bu qədər sürətlə yeni şərtlərə adaptasiya oluna bilib?..

İqtisadçı-alim: “Rusiyada iqtisadiyyatın stabilləşməsindən danışmaq hələ çox tezdir. Hər şey qabaqdadır və iqtisadiyyatının stabilləşməsi üçün Rusiya Ukraynada Qərbi təmin edəcək sülhə nail olmalıdır”.

“Rusiya, sanki qlobal iqtisadi sistemdən kənarda qalmış kimi görünsə də, Çin və Hindistan kimi böyük ticarət tərəfdaşları var”.

Bu sözləri iqtisadçı-alim Vüsalə Əhmədova Rusiya prezidentinin ölkədə iqtisadiyyatın stabilləşmə ilə bağlı verdiyi açıqlamanı PİA.az-a şərh edərkən qeyd edib.

Rusiya prezidenti Vladimir Putin bazar ertəsi özünün növbəti müraciətində bildirib ki, iqtisadiyyatda stabilləşmə başlayıb. Putinin sözlərinə görə inflyasiya aşağı düşüb, qiymətlərin artması prosesi dayanıb və artıq əvvəlki səviyyəyə qayıtmaqdadır. Rusiya prezidenti bunu rublun son zamanlar öz mövqeyini qoruması və istehlak tələbinin dinamikası ilə əlaqələndirib.

Rusiya prezidenti bu iddiları nə qədər doğrudur və hazırda Rusiya iqtisadiyyatını necə dəyərləndirmək olar? Doğrudanmı dünyanın görünməmiş ən ağır sanksiyalarına məruz qalan Rusiya iqtisadiyyatı bu qədər sürətlə yeni şərtlərə adaptasiya oluna bilib və artıq demək olar ki, təhlükə arxada qalıb?

Rusiya iqtisadiyyatının hazırkı real vəziyyətini PİA.az-ın əməkdaşı iqtisadçı-alim Vüsalə Əhmədova ilə müzakirə edib.

Vüsalə Əhmədova: “Sanksiyalar kifayət qədər uzun müddət qüvvədə olacaqsa və sərtləşdiriləcəksə, Rusiya iqtisadiyyatının tezliklə bərpa olunacağını gözləmək olmaz”.

Rusiya Mərkəzi Bankının rublun daha da çökməsinin qarşısını almaq üçün valyuta alışını məhdudlaşdıran bir sıra tədbirlər həyata keçirdirdiyini vurğulayan ekspert PİA.az-a bildirib ki, bunun sayəsində də sanksiyalara baxmayaraq rubl yenidən müharibədən əvvəlki səviyyəsinə qayıtıb:

“Rusiya üçün təhlükə geridə qalmayıb, mən deyərdim ki, yeni başlayır. Əslində Qərbin sanksiyalarla əldə etmək istədiyi nədir? Rusiya ödənişlərini xarici valyuta ilə həyata keçirə bilməsin və beləliklə ölkə defolt vəziyyətinə düşsün. İqtisadi sanksiyaların təsirləri bəzən çox şişirdilə bilər. Ancaq hər bir halda reallıq dəyişmir.

ABŞ Maliyyə Nazirliyi Rusiyanın öz bankları vasitəsilə dollarla ödənişlər etməsinə mane olur ki, ölkə borc öhdəliklərini yerinə yetirməkdə çətinlik çəksin. Hazırda iri şirkətlər Rusiyadan bir-bir uzaqlaşıb və bu proses davam edir. Bəzi nüfuzlu analitik şirkətlər isə Rusiyada may ayının sonlarında defoltun qaçınılmaz olduğunu vurğrlayırlar. Ciddi valyuta sıxıntıları çəkən və ehtiyatlarına sanksiya tətbiq edilən Rusiyanın qrafikə görə borclarını ödəməsi artıq imkansız görünür və belə hesab etmək olar ki, baş verəcək defolt səbəbindən Rusiya xaricdəki mülk və biznes obyektlərinin böyük hissəsini itirəcək.

Hələlik Rusiyanın enerji ixracatı sanksiyalar çərçivəsində deyil. Çünki, Avropa öz qaz ehtiyacının 40%-ni Rusiyadan alır. Qərb Rusiya qazından birdən birə imtina edə bilməz, Avriopa Birliyində ciddi iqtisadi böhrana yol açar. Lakin aydındır ki, AB öz enerji təhlükəsizliyini təmin etmək üçün tədricən alternativ mənbələrə üz tutacaq və yeni nəqliyyat dəhlizləri inşa ediləcək. Bu bir neçə ilə mümkün görünür.

Vüsalə Əhmədova: “Rusiya üçün bundan sonrakı vəziyyət diplomatik danışıqların nə cür inkişaf edəcəyindən asılıdır”.

Qərbin Rusiyanın enerji ixracına qarşı sanksiyaları 2023-cü ilə qədər Rusiya istehsalının 17% azalmasına səbəb ola bilər. Eyni zamanda sanksiyalar koordinasiyalı olmalıdır ki, nəticəsi daha effektli olsun.

Rusiya dünyanın böyük iqtisadiyyatlarından biridir. Sovet İttifaqı dağılandan etibarən qlobal maliyyə sisteminə tam inteqrasiya olunmuş bir ölkədir. Ölkənin gəlirləri ilk növbədə kənd təsərrüfatı istehsalından və neft, qaz satışından formalaşır. Bu sahələr Rusiyanın ÜDM-nun 60%-ni təşkil edir.

Rusiya hökuməti hazırda tədarük çatışmazlığı və inflyasiya ilə mübarizə aparmaq üçün müəyyən məhsulların ixracını məhdudlaşdırıb. Dünyanın ən böyük taxıl ixracatçılarından biri olaraq taxılın ixracını məhdudlaşdırdı. Bundan əlavə, Rusiya Mərkəzi Bankı rublun daha da çökməsinin qarşısını almaq üçün valyuta alışını məhdudlaşdıran bir sıra tədbirlər həyata keçirdi. Bunun sayəsində də sanksiyalara baxmayaraq rubl yenidən müharibədən əvvəlki səviyyəsinə qayıtıb. Belə demək olar ki, Rusiya Mərkəzi Bankı yüksək faiz dərəcələri tətbiq etməklə inflyasiya ört-basdır edilməyə çalışılır, lakin bunun nə qədər davam edə biləcəyi böyük sual altındadılr.

Digər tərəfdən də, Rusiya sanki qlobal iqtisadi sistemdən kənarda qalmış kimi görünsə də, Çin və Hindistan kimi böyük ticarət tərəfdaşları var. Çin və Hindistan Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayıb. Ancaq bir nüans da var ki, bir sıra Çin şirkətləri ikinci dərəcəli sanksiyalardan qorxurlar. Qərbin sanksiyaları altında olan Rusiya şirkətləri ilə işbirliyi qurmaqdan çəkinirlər. ABŞ-ın Hindistana təzyiqləri də artıq güclənməkdədir və belə görünür ki, Hindistanın aparıcı şirkətləri də Ruisya ilə ticarətdən çəkinəcəklər.

Rusiya üçün bundan sonrakı vəziyyət diplomatik danışıqların nə cür inkişaf edəcəyindən asılıdır. Sanksiyaların siyasi təsirinin necə olacağını proqnozlaşdırmaq çətindir. Sanksiyalar kifayət qədər uzun müddət qüvvədə olacaqsa və sərtləşdiriləcəksə, Rusiya iqtisadiyyatının tezliklə bərpa olunacağını gözləmək olmaz. Hesablamalara görə Rusiya ÜDM-nun bu il 8,5%, gələn il isə 2,3% azalacağı gözlənilir.

Vüsalə Əhmədova: “İşsizlik təkcə xarici şirkətlərin Ruisyanı tərk etməsi ilə əlaqəli deyil. Sanksiyalar bir çox Rusiya istehsal sahələridə istifadə olunan texniki hissələrin Rusiyaya satılmasını qadağan edir”.

Hazırkı vəziyyətə gəlincə isə, təbii ki, Putinin söylədiyi stabilişşmə adminstrativ tədbirlər nəticəsində yaranıb və əslində bunu stabilişmə adlandırmaq doğru olmaz. Çünki Rusiya iqtisadiyyatının real vəziyyəti əslində rəsmi göstəricilərdən çox fərqlidir. Tətbiq olunan sanksiyaların təsiri isə bundan sonra özünü göstərəcək. Bu günə qədər yaşananları sadəcə sanksiyaların yaratdığı şok adlandırmaq olar. Sanksiyaların əsil təsiri isə ilin ikinci yarısından özünü göstərəcək. Hər şeydən əvvəl Rusiyanı 500-də artıq iri xarici şirkət tərk edib ki, bu da çoxlu sayda elitar iş yerlərinin itirilməsi deməkdir. Yaxın zamanlarda işsizlik Rusiyanın ən böyük probleminə çevriləcək ki, bu da sosial həyata birbaşa təsir edəcək.

İşsizlik təkcə xarici şirkətlərin Ruisyanı tərk etməsi ilə əlaqəli deyil. Sanksiyalar bir çox Rusiya istehsal sahələridə istifadə olunan texniki hissələrin Rusiyaya satılmasını qadağan edir. Bu isə yaxın yarım il müddətində Rusiyanın irili-xırdalı şirkətlərinin, zavod və fabriklərinin bağlanmasına səbəb olacaq. Yəni işsizlik Rusiyada sürətlə artacaq və idarəolunmaz hala gələ bilər. Artıq bu proses başlayıb. Misal üçün Rusiyanın “Ural” motoskiletlərinin istehsalı Qazaxıstana köçürülür. Çünki sanksiyalara görə xaricdən aldıqları ehtiyat hissələrini Rusiyaya gətirə bilmirlər. Belə misalları onlarla, yüzlərlə göstərmək olar. Xüsusən “Kamaz”da daxil omaqla maşın istehsalı sahəsində Rusiya ciddi problemlərlə üzləşəcək və bu tip müəssisələrin böyük qismi bağlanacaq. Bu demək olar ki, istehsalda əksəriyyət sahələrə aiddir. Çin isə bütün bu ehtiyat hissələri ilə Rusiyanı təmin etmək gücündə deyil.

Ona görə də Rusiyada iqtisadiyyatın stabilləşməsindən danışmaq hələ çox tezdir. Hər şey qabaqdadır və Rusiya iqtisadiyyatının stabilləşməsi üçün Rusiya Ukraynada Qərbi təmin edəcək sülhə nail olmalıdır. Həm də bu tez baş verməlidir ki, iqtisadiyyat kollaps yaşamadan sanksiyalardan azad ola bilsin”.

Nərminə UMUDLU pia.az