“Bu necə sərhəd qorumaqdır?” - Politoloqdan sərhəddə olanlara etiraz...

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması üçün işçi qrupunun görüşləri keçiriləcək...

Politoloq: “ O, diversantların hamısı əsir götürülməliydi ki, Ermənistan Müdafiə Nazirliyi də, əsgərimiz yolu azaraq Azərbaycan ərazilərinə girib, deyə bilməsin.”.

“Ermənistan müxalifətini “sülhə yox”, deyizdirərək küçələrə tökən də Rusiyadır və Moskva bütün resursları ilə çalışır ki, Azərbaycanla Ermənistan arasında sülh prosesi imkan daxilində yubadılsın, ya da proses tamamilə təxirə salınsın”.

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub. Nazirlər iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq fikir mübadiləsi aparıblar.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə Ermənistan arasında Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılıq əldə olunub.

Azərbaycanla sülh müqaviləsinin hazırlanmasına qarşı isə Ermənistanda müxalifətin etirazı getdikcə daha da böyüməkdədir. Bu gün müxalifət Ermənistanın bütün vilayətlərində etiraz yürüşləri keçirəcək və bu yolla xalqın sülh danışıqlarına qarşı etirazını ortaya qoymağa çalışacaq.

Dünən isə Ermənistan sərhəddə təxribat törətdi və bir erməni diversantı əsir götürüldü. Ermənistanın Müdafiə Nzirliyi isə ənənəvi olaraq əsgərin yolu azdığını iddia elədi.

Müharibə etməyə gücləri olmayan, byna baxmayaraq sülh də istəməyən Ermənistanın sülh müqaviləsi ətrafında sərgilədiyi siyasəti necə dəyərləndirmək olar? Bu siyasət yeni müharibə üçün zəmin yaradırmı və Rusiya-Qərb qarşıdurmasından ermənilərin öz yararına yararlanmaq imkanları hansı səviyyədədir?

Son günlər Azərbaycan-Ermənistan arasında baş verənləri PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Azərbaycan sərhədçiləri də sərhəddi dəstə ilə keçən ermənilərdən birini tutub, qalanını buraxırlar. Bu nə taktikadır?”.

Sülh danışıqları ətrafında ermənilərin özlərinin belə nə istədikləriniı bilmədiyini vurğulayan politoloq PİA.az-a bildirib ki, Ermənistan bilmir hansı tərəfdə dursun, kimin buyruğu ilə hərəkət eləsin. Yeravan Qərbpərəst mövqe tutanda Rusiya onları əzir, Rusiyapərəst mövqedən çıxış edəndə isə Qərbin qınağı ilə üzləşirlər:

“Yenə də Moskvanın barmağı Cənubi Qafqazdadır. Yenə də Moskvanın çaldığı ilə Ermənistan oturur, durur, oynayır. Doğrudur, indi Azərbaycanın xarici işlər naziri ilə Ermənistanın xarici işlər naziri danışıqlara başlamaq haqqında razılığa gəliblər. Müəyyən məsələlərdə irəliləyiş var, ancaq heç kim deyə bilməz ki, hansısa səbəbdən sabah ermənilər bu danışəqlardan çıxmayaacq.

Bildiyimiz kimi dünən Ermənistan qondarma “erməni soyqırımını” qeyd edirdi. Digər tərəfdən də qoca Bayden qondarma soyqırım barədə çərənlədi, məsələni siyasələşdirən ifadələr işlətdi. Bütün bunlar isə erməniləri sülhdən qaçmağa həvəsləndirir. Onlar hesab edirlər ki, dövran dəyişə bilər, bir müddət sonra Rusiyanın əli ilə Azərbaycan torpaqlarını yenidən işğal edə bilərlər. Ya da Rusiyanın boyunduruğundan qurtulub ABŞ və Fransa sayəsində yenidən işğal planlarını gerçəkləşdirə bilərlər. Ona görə də ermənilər sülh prosesini yubatmaq üçün hər cür təxribata getməyə hazırdırlar və dünən sərhəddə baş verənləri də bu tip təxribat olaraq dəyərləndirmək olar.

Azərbaycan sərhədçiləri də sərhəddi dəstə ilə keçən ermənilərdən birini tutub, qalanını buraxırlar. Bu nə taktikadır? Bu nə müharibədir? Bu necə sərhəd qorumaqdır? Nə zamana qədər sərhəd xidməti öz işinin öhdəsindən belə səhlənkarcasına gələcək? O, diversantların hamısı əsir götürülməliydi ki, Ermənistan Müdafiə Nazirliyi də, əsgərimiz yolu azaraq Azərbaycan ərazilərinə girib, deyə bilməsin.

Qabil Hüseynli: “Yeravanın başqa alternativi də yoxdur, sadəcə kənar qüvvələr prosesi uzatmağa çalışmaqla, Ermənistan cəmiyyətində hansısa alternativin yarana bilməsi ilə bağlı xülya yaradırlar”.

Amma bütövlükdə mən inanmıram ki, bütün bu təxribatlara və diversiyalara baxmayaraq, məsələlər yenidən müharibə həddinə qədər gedib çatsın. Təbii ki, Rusiya yenə də yenə aranı qarışdırır və imkan vermir ki, Azərbaycan və Ermənistan öz problemlərini özləri həll etsin. İndi Ermənistan müxalifətini “sülhə yox” deyizdirərək küçələrə tökən də Rusiyadır və Moskva bütün resursları ilə çalışır ki, Azərbaycanla Ermənistan arasında sülh prosesi imkan daxilində yubadılsın, ya da proses tamamilə təxirə salınsın. Çünki sülhün olmaması Rusiya “sülhməramlılarının” uzun müddət Azərbaycan ərazisində qalması deməkdir.

Rusiya ilə Azərbaycan arasında bu məsələdə münasibətlər dərinləşsə, Avropa İttifaqı da proseslərə müdaxiləsini daha da gücləndirsə, Ermənistan məcbur olub sülhə gedəcək. Yeravanın başqa alternativi də yoxdur, sadəcə kənar qüvvələr prosesi uzatmağa çalışmaqla Ermənistan cəmiyyətində hansısa alternativin yarana bilməsi ilə bağlı xülya yaradırlar. Zənnimcə sülhün alternativi yoxdur və xarici güclərdən dəstək alsa da, Ermənistanın başqa ata biləcəyi addım olmadığına görə Yeravan məcbur olub sülhə gedəcək.

Əslində Ermənistan bilmir hansı tərəfdə dursun, kimin buyruğu ilə hərəkət eləsin. Yeravan Qərbpərəst mövqe tutanda Rusiya onları əzir, Rusiyapərəst mövqedən çıxış edəndə isə Qərbin qınağı ilə üzləşirlər. Ona görə də Ermənistanda heç özləri də bilmirlər ki, necə davransınlar. Ona görə də Yeravanda müxtəlif səpkili manevrlər edib başlarını salamat saxlamaq istəyirlər. Amma ən yaxşı siyasət düzgün siyasətdir. Onu da bacarmırlar.

Hazırda Rusiya dünyanı çox qarışdırıb və əvvəl-axır bunun da hesabını verəcək. Rusiyanın bu araqarışdırma siyasətinin içərisinə ən azı 30-40 dövlət düşüb. O dövlətlərdən biri də başı bəlalı Ermənistandır. O cümlədən Azərbaycan üçün də proslərə yanaşma heç də asan deyil. Müxtəlif balanslar mütləq nəzərə alınmalıdır. Ona görə də proses çətin olacaq. Amma inanıram ki, Cənubu Qafqaz yenidən müharibə həlqəsinə düşmədən bu problemlər öz həllini tapacaq”.

Nərminə UMUDLU pia.az