Bakıda dünya kubokunun ikinci günü start götürüb

Aprelin 22-də Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə FIG Dünya kubokunun ikinci günü start götürüb.

PİA.az Trend-ə istinadən xəbər verir ki, yarışların ikinci günündə fərdi proqramda gürzlər və lentlə hərəkətlərdə, eləcə də qrup hərəkətləri proqramında üç lent və iki topla hərəkətlərdə təsnifat mərhələsi keçiriləcək. Təsnifatın yekununda finalçılar müəyyənləşəcək.

Bundan başqa, fərdi və qrup hərəkətlərdə çoxnövçülük üzrə qalib və mükafatçılar müəyyənləşdiriləcək.

Qeyd edək ki, aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə Dünya kuboku keçirilir.

Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edir.

Yarışda ölkəmizi fərdi növdə Arzu Cəlilova və Zöhrə Ağamirova, eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komanda təmsil edir.

pia.az