Bakıda güclü külək səbəbindən iki nəfər xəsarət alıb - Yenilənib

Bakıda əsən güclü külək səbəbindən xəsarət alan 2 nəfər (kişi) təcili tibbi yardımla Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib.

Bu barədə APA-ya KTM-in Mətbuat xidmətindən bildirilib. Məlumata görə, Qaradağ rayon sakini, 1988-ci il təvəllüdlü şəxs Sahil qəsəbəsində yerləşən iş yerində olarkən xəsarət alıb. Belə ki, güclü külək səbəbindən darvaza onun üzərinə aşıb. Ona on ikinci döş, birinci bel fəqərələrinin zədələnməsi diaqnozu qoyulub. Dərhal kompüter tomoqrafiya (KT) müayinəsi olunub, ilkin tibbi yardım göstərilib və bir müddət sonra ambulator müalicəyə buraxılıb.

Digər xəsarət alan, Lökbatan qəsəbə sakini 1962-ci il təvəllüdlü şəxs TIR sürücüsüdür. O, TIR-ın qapısını açarkən güclü külək qapını əlindən alıb. Yıxılaraq xəsarət alan şəxs kəllə-beyin travması ilə Mərkəzin Neyrotravma şöbəsinə yerləşdirilib və müalicəsi davam edir.

***

Bakıda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 2 nəfər (kişi) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, yaralananlar Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanaya çatdırılıblar.

pia.az