Ukraynada müharibə ilə bağlı Qərbin yol xəritəsi var? - ABŞ-ın Dövlət Katibi nəyə işarə edir?..

Blinken Avropadakı müttəfiqlərinə Ukraynadakı müharibənin bu ilin sonuna qədər davam edə biləcəyini bildirib...

Politoloq: “Qərbin Ukrayna ərazisində Rusiyaya qarşı fəaliyyət planı var. Hazırda bu istiqamətdə bir “yol xəritəsi” də var” .

“Qərb həm Putini devirmək istəyir, həm də SSRİ kimi Rusiyanın da parçalanması əsas hədəf kimi götürülüb”.

Bu sözləri politoloq Turan Rzayev ABŞ dövlət katibi Entoni Blinkenin Ukraynada müharibənin ilin sonuna qədər davam edəcəyi açıqlamasını PİA.az-a şərh edərkən qeyd edib.

ABŞ Dövlət katibi Entoni Blinken Avropadakı müttəfiqlərinə Ukraynadakı müharibənin bu ilin sonuna qədər davam edə biləcəyini bildirib. Bu barədə CNN telekanalı adı açıqlanmayan 2 avropalı diplomata istinadən məlumat yayıb.

Diplomatlar Donbasdakı döyüşlərin 4-6 ay arasında davam edəcəyini və sonda dalana dirənəcəyini təxmin edib.

Bu açıqlamadan sonra demək olarmı ki, Qərbin Ukrayna ərazisində Rusiyaya qarşı bir fəaliyyət planı var və onun yol xəritəsi çəkilib? Ümumiyyətlə, müharibə ilin sonuna qədər davam edərsə, bunun dünyaya, əsasən də Rusiyaya hansı ağır nəticələri ola bilər?

Rusiya-Ukrayna müharibəsindəki gələcək prosesləri PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Görünür ABŞ kəşfiyyatının əldə etdiyi yeni məlumatlar sonucunda Qərb prosesləri uzatmaq və Rusiyanın mövcud vəziyyətini daha da ağırlaşdırmaq istəyir”.

ABŞ başda olmaqla, Qərbi Ukrayna bataqlığında Rusiyanı yormaq istədiklərini vurğulayan politoloq pia.AZ-A bildirib ki, Qərb Rusiyanın iqtisadiyyatını tək zəiflətmək istəmir, həmçinin Qərb “şahinləri” Rusiyanın iqtisadiyyatını tamamilə dağıtmaq istəyirlər. Politoloqun fikrincə müharibənin yaratdığı böhrandan ən çox faydanı da ABŞ görəcək:

“Bəli, Qərbin Ukrayna ərazisində Rusiyaya qarşı fəaliyyət planı var. Hazırda bu istiqamətdə bir “yol xəritəsi” də var. Ukraynalılar müharibənin bitməsini istəsələr də, müharibədə maraqlı olan qüvvələr buna imkan vermir. Müharibə həm Rusiya, həm də Ukraynaya ziyan vurur. Qərbin yardımlarına baxmayaraq etiraf etməliyik ki, Ukrayna uzun müddət əvvəlki vəziyyətinə qayıda bilməyəcək. Amma Ukrayna üçün müharibədən sonrakı vəziyyət aydındır. Əgər Rusiya müharibə vasitəsi ilə hədəflərinə çata bilməsə, Qərb Ukraynanın bərpası üçün bütün resursları səfərbər edəcək. Lakin bunu Rusiya ilə bağlı demək olmaz və belə görünür ki, müharibənin nəticələrindən asılı olmayaraq, Rusiya iqtisadiyyatını çox ağır günlər gözləyəcək və bu qaçınılmazdır.

İlin sonuna qədər davam edəcək bir müharibə mövcud Rusiya iqtisadiyyatını daha da bərbad günə qoyacaq. Artıq xəbərlər gəlir ki, Rusiya ordusu, məsələn Qara dəniz donanması döyüşlərdən imtina edir. Yüksək rütbəli generallar, hərbiçilər də itaətsizlik göstərirlər. Müharibənin 2 ayı tamam olmamış bu hadisələr baş verir. Bu da müharibə ilin sonuna qədər davam etsə, nələrin olacağını təxmin etməyə az-çox imkan yaradır.

ABŞ başda olmaqla, Qərb Ukrayna bataqlığında Rusiyanı yormaq istəyir. Qərb Rusiyanın iqtisadiyyatını zəiflətmək istəmir, zəif iqtisadiyyata da sanksiya tətbiq etməklə, Qərb “şahinləri” Rusiyanın iqtisadiyyatını tamamilə dağıtmaq istəyirlər. Qərb həm Putini devirmək istəyir, həm də SSRİ kimi Rusiyanın da parçalanması əsas hədəf kimi götürülüb. Bu yolda konkret yol xəritəsinin də olduğu görünür.

Turan Rzayev: “Dünya hazırda iki böhranla üz-üzə qalıb. Birincisi qida çatışmamazlığı, ikincisi isə enerji böhranıdır”.

Blinkenin son açıqlaması da buna dəlalət edir. Rusiya ilə müharibənin ilin sonuna qədər davam edəcəyini demək ciddi bir açıqlamadır. Görünür bu açıqlamanın da arxasında dayanan ciddi səbəblər var.

Biz müharibənin öncəsində ABŞ kəşfiyyatının proseslərdə aktiv iştirakını müşahidə edirik. Görünür ABŞ kəşfiyyatının əldə etdiyi yeni məlumatlar sonucunda Qərb prosesləri uzatmaq və Rusiyanın mövcud vəziyyətini daha da ağırlaşdırmaq istəyir.

Müharibənin ilin sonuna qədər davam etməsinin dünyada və Rusiyada ciddi nəticələri olacaq. Rusiyaya müharibənin vuracağı ziyanlar bunlardır:

1. Rusiya iqtisadiyyatı günü-gündən zəifləyir. İstər müharibənin gətirdiyi iqtisadiyyatını zərərlər, istərsə də Qərbin tətbiq etdiyi sanksiyalar mövcud Rusiya iqtisadiyyatını kifayət qədər yorub. Artıq ölkədə ciddi ölçüdə valyuta çatışmamazlığı var. Məlumata görə artıq bir çox dövlət müəssisələri və özəl sektorlar ixtisarlaşma gedir. Üç nəfərin işini bir nəfər görür. İnsanlar öz hesablarına məzuniyyətə göndərilir. Bu da artıq sosial problemin göstəricisidir. Müharibənin ilin sonuna qədər davam etməsi Rusiya daxilində ciddi iqtisadi-sosial böhrana gətirib çıxaracaq.

2. Narazı qüvvələrin sayı artacaq. Mövcud iqtidara qarşı çıxanların sayı arta bilər.

3. Müharibənin uzanması Rusiyanın siyasi və iqtisadi cəhətdən dünyadan təcridini daha da artıracaq. Bu təkcə Qərb cəbhəsində baş verməyəcək, müharibə davam edərsə, Qərbin təzyiqləri qarşısında digər ölkələr də təxridə qoşula bilər.

Müharibənin dünyaya vuracağı ziyanlar barədə deyə bilərəm ki, bu gün də Qazaxıstan buğda idxalına qadağa qoyacağını açıqladı. Bildiyimiz kimi Qazaxıstan, Ukrayna və Rusiya buğda idxalında ən önəmli ölkələrdir. Müharibəyə görə onsuz da Ukrayna və Rusiya buğda idxalını dayandırmışdı. Bu da müharibənin dünya miqyasında qida böhranına gətirib çıxaracağını göstərir. Artıq bu məsələ BMT-də müzakirə olunur.

Turan Rzayev: “ABŞ da kifayət qədər buğda və enerji ixrac edir. Buna görə də ABŞ bu məsələdən öz lehinə istifadə edə bilər”.

Eyni zamanda enerji böhranı da yaşana bilər. Bildiyimiz kimi Avropa və Rusiya arasında qaz böhranı yaşanır. Prosesin ilin sonuna qədər uzanması soyuq havalarla şüşahidə ediləcək və Qərb Rusiyanın neft və qazından imtina edərsə, enerji qiymətləri daha da artacaq. Bu da taxıl çatışmamzlığı yaşayan dünyada bütün qiymətlərin artmasını tətikləyəcək. Əgər Avropa Rusiya qazına alternativ təminat tapa bilməsə, onda vəziyyət daha da acınacaqlı ola bilər. Buna görə də dünya bazarında qazın qiymətinin tarixi rekordda satılması gözləniləndir.

Hesab edirəm ki, dünya hazırda iki böhranla üz-üzə qalıb. Birincisi qida çatışmamazlığı, ikincisi isə enerji böhranıdır.

Bildiyimiz kimi ABŞ da kifayət qədər buğda və enerji ixrac edir. Buna görə də ABŞ bu məsələdən öz lehinə istifadə edə bilər. Rusiyanın geriləməsi fonunda ABŞ faktoru yenidən önə çıxa bilər. ABŞ həm də Çinlə rəqabət fonunda daha da güclənmək istəyir. Hətta ABŞ Çinə xəbərdarlıq edib ki, Rusiyaya silah satışını dayandırsınlar. ABŞ bu məsələdə ciddi addımlar atır. Təbii ki, müharibənin yaratdığı böhrandan ən çox faydanı da ABŞ görəcək”.

Nərminə UMUDLU pia.az