Tahir Kərimlidən izdihamla bağlı açıqlama: “Düşündüm, insanları İmam Mehdinin zühur etdiyinə inandırıblar...”

“Bu fenomen bloger Hüseyn kimdir? Mən bu adamın xidmətləri ilə tanış olmaq üçün ha axtarış etdim, amma heç bir məlumat tapa bilmədim. İzdihamı görüb düşündüm ki, yəqin gələn türk mügənnisidir. Axı bizim qızlar türk kişi müğənnisi gələndə özlərini fəda edirlər... Sonra başa düşdüm ki, bu versiya da özünü doğrultmur. Yəni, məsələ hələ də mənim üçün qaranlıq qalıb. Necə olub ki, mən Hüseyn kimi fenomeni bu vaxta qədər tanımamışam?!”

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Deputat bildirib ki, “Park Bulvar”da yaşanan izdihamı əks etdirən videoları görəndə əvvəlcə Azərbaycan olduğunu başa düşməyib: “Sonra gördüm ki, ora toplaşanların geyimi pakistanlılarınkına da bənzəmir. Diqqətimi çəkdi ki, orada “Bazar store” var. Dərhal xatırladım ki, “bazar”ı “store” ilə birləşdirib qəribə ad çıxarmaq bizim xalqın qabiliyyətidir. Videolardan aydın idi ki, bir nəfər kütləvi şəkildə qarşılanır. Yadıma Məmməd Əmin Rəsulzadənin sözləri düşdü. O deyərdi ki, bizim xalqımız imamın zühuruna inanan xalqdır. Düşündüm ki, bəlkə həmin insanları İmam Mehdinin zühur etdiyinə inandırıblar, ona görə də inanclılar toplaşaraq İmam Mehdini qarşılayırlar. Müşahidələrimə əsasən qənaətə gəldim ki, yox, geyimlərindən heç dindara da bənzəmirlər. Sonra sosial şəbəkələrdə rastlaşdım ki, gələn Hüseyn adlı bir blogerdir və onun, hətta Çeçenistan Prezidenti ilə də birgə fotosu var. Daha sonra rast gəldim ki, bu bloger 20 milyon izləyiciyə malikdir. Görəsən, necə olub ki, həmin bloger mənim diqqətimdən yayınıb?! Axı adətən, mən bütün məlumatları izləyib, hər şeydən xəbər tutmağa çalışıram. Yadıma düşdü ki, mən də 1990-cı illərin əvvəllərində belə situasiyaya düşmüşdüm, rayondan gəlmişdim ki, əfsanəvi lider Alparslan Türkeşlə görüşə bilim. Doğrudur, görüşmək imkanım olsa da, onu qucaqlamağa imkanım olmadı və təəssüf ki, həmin əfsanəvi adamla görüşdə belə izdiham müşahidə edilmədi”.

pia.az