Vaşinqton-Pekin qarşıdurması İslamabadda - Çin Pakistanda ABŞ-a uduzmağı gözə ala bilər?

İmran Xanın baş nazir kürsüsündən uzaqlaşdırılması ABŞ-ın Pakistanla strateji əlaqələri olan Çini Pakistan meydanında məğlub etməsi üçün kifayətdirmi?..

Mehmet Yuva“Aydınlık” qəzeti, Türkiyə, 13 aprel 2022-ci il

ABŞ və Qərbin Pakistan parlamenti vasitəsilə ona qarşı “siyasi çevriliş” hazırladığını iddia edən İmran Xan partiyasından istefa verib müxalifətə keçən deputatlara görə mütləq çoxluğu itirib. Müxalifətin blok kimi fəaliyyət göstərdiyini və etimad səsverməsində ofisinin təhlükə altına düşəcəyini anlayanda əvvəlcə Məclisi buraxdı. Daha sonra o, erkən seçkinin keçirilməsini tələb etdi. ÇünkiXan, ona ciddi ictimai dəstəyin olduğunu və növbədənkənar seçki keçirilərsə, qalib gəlmək ehtimalının yüksək olduğunu bilirdi. Seçkidə mütləq səs çoxluğu qazanmaq şanslarının olmadığını bilən müxalifət Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi tələblərinə etiraz edərək, məsələ ilə bağlı Pakistan Konstitusiya Məhkəməsinə müraciət ünvanladı. Konstitusiya Məhkəməsi isə İmran Xanın Məclisi buraxmaq və növbədənkənar seçkilər keçirmək qərarını ləğv elədi.

İmran Xan məhkəmə prosesinə ABŞ və Qərbin də müdaxilə etdiyini və qərardan əvvəl bəzi məhkəmə üzvlərinin ABŞ səfiri ilə görüşdüyünü iddia edib. Beləliklə Xan Pakistan tarixində etimadsızlıq səsverməsi ilə vəzifəsindən uzaqlaşdırılan ilk baş nazir olub. Bundan sonra nə baş verdiyi isə məlumdur.

Ana müxalifət partiyası olan Pakistan Müsəlman Liqası Partiyasının lideri Şahbaz Şərif Pakistanın yeni baş naziri olub. Edam edilən baş nazir Zülfükar Əli Bhuttonun nəvəsi və terror hücumu ilə öldürülən sabiq baş nazir Bənazir Bhuttonun oğlu, Pakistan Xalq Partiyasının lideri Bilaval Bhutto İmran Xanla koalisiyanı pozaraq Şahbaz Şərifin tərəfinə keçdi və parlamentdəki tarazlıq bununla da pozuldu.

Bölgədəki ölkələrin siyasi müqəddəratını şərtləndirən ilkin amillər, bu ölkələrin xarici əlaqələrə üstünlük vermələridir. Pakistan və İran kimi ölkələrin də Türkiyə kimi geosiyasi mövqeyi ondan ibarətdir ki, onlar Avrasiya ölkələridir. Bu ölkələrin Avropa-Asiya (Avrasiya) olması üçün artıq Türkiyə kimi Avropa və Asiyada yerləşmələri vacib deyil. Çünki bu gün iqtisadi müharibənin təpəsində olan İngiltərə-Amerika bloku ilə Rus-Çin bloku arasında qalan bölgənin ən mühüm hissəsi olan Türkiyə, İran, Pakistan, Qazaxıstan və Hindistan kimi ölkələr durur. Arada qalan ölkələrə dair hər hansı bir proses müharibənin hər iki tərəfində yer alan əsas qüvvələrinin siyasi, iqtisadi və geosiuasi naraqları ilə sıx bağlıdır.

ABŞ Rusiyanı yordu və əsas həmləni Çinə qarşı etdi

Bu səbəbdən, İmran Xanın Rusiya, Çin, İran, Hindistan, İsrail, ABŞ, İngiltərə və Suriya ilə əlaqələri və bu ölkələrin lehinə və ya əleyhinə verdiyi müstəqil qərarlar onun siyasi taleyini formalaşdırdı. Rusiyanın digər bölgələrdə, xüsusən də Ukraynada məşğul olması, İmran Xanla yaxşı münasibətdə olan Putinin İslamabadla istədiyi kimi davranmasına və dostu İmran Xana lazımi dəstəyi verməsinə mane oldu. ABŞ Şərqi Avropada Moskvanı yormaq üçün ağıllı bir taktika seçərkən, ona qarşı əsas təhlükə mənbəyi olan Çinə qarşı addımını da Pakistan vasitəsilə atdı.

Bəs İmran Xanın baş nazir kürsüsündən uzaqlaşdırılması ABŞ-ın Pakistanla strateji əlaqələri olan Çini Pakistan meydanında məğlub etməsi üçün kifayətdirmi?

Yeni baş nazir Şahbaz Şərif və onun təhlükə altında quracağı hökumət Çin və Rusiyaya qarşı qeyd-şərtsiz hərəkətə keçə bilərmi? Pakistandakı dəyişiklik həmin ölkəni “Bir Kəmər, Bir Yol” layihəsindən uzaqlaşdıracaqmı?

Bütün bu ehtimallara qarşı Fars körfəzi, Hörmüz boğazı, Yəmən dənizi və Qırmızı dənizlə həmsərhəd olan Pakistanı itirməsinə səbəb olacaq hadisələrə Pekin biganə qalacaqmı?

ABŞ-ın Pakistanda Çinə qarşı qələbə qazanması mümkün deyil

Qısa və aydın desək, Pakistanda ABŞ-ın Çin üzərində qələbə qazanması mümkün deyil. Şahbaz Şərifin hakimiyyəti altında İngiltərə-ABŞ bloku, hətta yeni hökumət İmran Xandan fərqli olaraq, xarici əlaqələrdə köklü dəyişikliyə getsə belə, bu ancaq Çinin “Bir Kəmər, Bir Yol” layihəsini ləngidə bilər. Yeni hökümət Çinin Pakistanın Qvadar bölgəsində inşa etdiyi nəhəng azad ticarət zonasını və nəhəng limanın işini pozmağa cəhd edə bilər. Bütün bunlar mümkündür. Bununla belə, İmran Xanın hələ də Pakistanın ən güclü partiyasının lideri olması, yeni çoxpartiyalı hökumətdə baş verəcək münaqişələr, ölkənin Çin iqtisadiyyatı ilə güclü şəkildə bütünləşməsi, həm uzun illər mühacirətdə yaşadığı və milyonlarla pakistanlının çörək qapısı olan, yaxın dostu Səudiyyə Ərəbistanının ənənəvi ABŞ yönlü siyasətlərdən əl çəkməsi Şahbaz Şərifin təəccüblü siyasətlərə imza atmasına imkan verə bilər.

Görünür, ABŞ-ın əsas məqsədi Pakistan vasitəsilə Çini şantaj etməkdir. ABŞ Pekindən Rusiyanın Ukrayna müharibəsini dəstəkləməməsini və Moskvaya iqtisadi-maliyyə yardım etməməsini xahiş edir. Əgər Vaşinqton Pekini bu məsələdə razı sala bilməsə, Pakistan Çinin yuxarıda sadalanan vacib dənizlərə enməsinin qarşısını almağa çalışacaq.

Dünya əjdahası Çin təhlükənin fərqindədir

İngiltərə, ABŞ, İsrail və ətrafı hələ də özlərini əzəmətli, nüfuzlu və güclü hesab edirlər. Onlar müdrik olub dünyanı bölüşmək, güzəştə getmək əvəzinə, ənənəvi təkəbbürlü davranışlarını davam etdirirlər. Köhnə beyinlər hələ də Asiyada yerləşən yeni dünya nizamının qarşısını ala biləcəklərinə inanırlar.

70-ci illər çox geridə qalıb. O dövrdə Çin və Sovet Rusiyası arasında ideoloji rəqabət və Pekinin iqtisadi yüksəliş və Moskvadan müstəqil güc əldə etmək istəyini görən ABŞ işə qarışdı. ABŞ-ın keçmiş dövlət katibi Kissincer ABŞ-la diplomatik əlaqələri belə olmayan Pekinə səfər etdi və ABŞ-ın verdiyi iqtisadi, maliyyə, texnoloji imkanlar, həmçinin ABŞ-ın müttəfiqi Tayvan əvəzinə, Çinin BMT və Təhlükəsizlik Şurasında üzvlüyünü dəstəkləməsi Vaşinqton və Pekin arasında yeni əməkdaşlıq səhifəsi açdı. ABŞ-ın və Qərbin verdiyi imkanlardan öz milli maraqları üçün çox ağıllı şəkildə istifadə edən və bu gün dünya əjdahasına çevrilən Çin yaxşı bilir ki, gec-tez ABŞ-la qarşılaşacaq, hətta müharibə qaçılmaz olacaq. ABŞ isə Pakistanın Çinin zəif tərəfi olduğunu bilir. Göründüyü kimi, Pakistan meydanında çətin mübarizə gedir. Çin bu mübarizəni uduzmağı gözə ala bilməz.

Şahbaz Şərifin Çin dostluğu

Baş nazir seçiləndən sonra Şahbaz Şərif parlamentdəki çıxışında Çinlə əlaqələrə xüsusi önəm verdiklərini vurğulayıb. Çinin yaxşı və pis gündə Pakistanın ortağı olduğunu ifadə edən Şərif Pekinlə yaxşı münasibətlərin olmasının vacibliyinə diqqət çəkib. Əvvəlki hökumətin Çin və Pakistan dostluğunu zəiflətməyə çalışdığını qeyd edən Şərif Çin-Pakistan dostluğunu heç kimin onlardan ala bilməyəcəyini deyib.

Onu da qeyd edək ki, Pakistandakı hakimiyyət dəyişikliyi qarşısında susqunluq nümayiş etdirən Çin dövləti yeni hökumətlə bağlı heç bir mənfi qiymətləndirmə aparmayıb. Şahbaz Şərif hələlik ABŞ-ın tələbi ilə Çinə qarşı yumşaq davrana bilər. Halbuki, çirkli pulların yuyulmasına görə cəzalandırılan, rüşvət spiralında yellənən və bu səbəbdən illərlə mühacirətdə yaşayan Şahbaz Şərif ABŞ və ətrafı üçün akrobatlıq da edə bilər.

Bu baş verərsə, buna imkan verən təkcə Pakistanın konkret şərtləri olmayacaq.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVApia.az