Təcavüzün yediyi rubl

İqtisadçı, Respublikaçı Alternativ Partiyasının funksioneri Natiq Cəfərli Rusiya rublunun ərimə prosesi ilə bağlı şərh yayıb. Novator.az-ın məlumatına görə, o qeyd edir ki, 2013-cü ildə, Krımın işğalından öncəki il ABŞ dollarının orta qiyməti 30,3 rubl olub: “2015-ci ildə, Krımın işğalından sonrakı il dolların orta qiyməti 56,2 rubl göstərilib. 2021-ci ildə, Rusiya-Qərb gərginliyi kəskinləşməyə başlayanda dolların orta qiyməti 69 rubla qalxdı.

2022-ci ilin yanvar ayında orta qiymət 75,8 rubl idi. Fevralda orta məzənnə 77,4 rubla, martda 104 rubla yüksəldi. Yəni 2014-cü ildən, Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri rubl üç-dörd dəfə dəyər itirib.

Rusiya Mərkəzi Bankının rəsmi məzənnəsi inzibati məzənnədir, bazarı əks etdirmir, müxtəlif məhdudiyyətlərə və biznesin üzərinə qoyulmuş məcburi öhdəliklərə görədir. Real məzənnə qara bazardadır, qara valyuta bazarına sürüklənən ölkənin isə axırı yoxdur”.

Rusiyanın milli valyutasını Ukraynaya hərbi təcavüzə görə dünya birliyinin tətbiq etdiyi sanksiyalar çökdürür.

2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını zəbt edərək özünə birləşdirib, Donbas bölgəsinin bir hissəsində iki separatçı rejim qurub. 2022-ci il fevralın 21-də Rusiya “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adları verilmiş həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlar aparır.

pia.az