Neft bazarında durum, mümkün təhlükə

İqtisadçı alim, ADR Partiyasının sədri Qubad İbadoğlu neft bazarındakı durumu şərh edib. Novator.az-ın məlumatına görə, o yazır ki, martın 28-də Çinin kommersiya paytaxtı Şanxayda koronavirus pandemiyası ilə əlaqədar sərt karantin elan edildiyi üçün dünya bazarında neft 5 faizə qədər ucuzlaşıb.

Çinin digər şəhərlərində də ən azı 9 gün hər yerin qapandığını vurğulayan Qubad İbadoğlu həmçinin qeyd edir ki, Almaniya kansleri Olaf Şolts 2022-ci il ərzində Rusiya neftindən imtinanın mümkünlüyündən danışıb: “Başqa bir məsələ OPEK+ ölkələrinin gündəlik hasilatı 400 min barrel artırmaq qərarının aprelin 1-dən qüvvəyə minməsidir. Bütün bunlar Rusiyanın marağına cavab vermir. Sanksiyalar altında olan bu ölkə neftin bahalaşmasında maraqlıdır. Təsadüfi deyil ki, Qazaxıstan neftini Avropa bazarına çatdıran konsorsiumun Rusiyanın Novorossiysk şəhəri yaxınlığındakı terminalında üç nasos qurğusundan ikisinin fəaliyyəti dayandırılıb. Bu terminaldan gündə 1 milyon barrel neft satan Qazaxıstan ixracda problemlərlə üzləşib.

Eyni aqibəti Azərbaycan da yaşaya bilər. Rusiyanın təxribatı nəticəsində neft və qaz kəmərlərində “qəza” baş verməsi mümkündür. Belə “qəza” 2008-ci ilin avqust ayında, Rusiyanın Gürcüstana təcavüzü zamanı qeydə alınmışdı. Qarabağda son gərginliklər bu aspektdən də qiymətləndirilməlidir. Odur ki, neft və qaz kəmərlərinin keçdiyi bütün ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilməlidir”.AZƏRTAC-ın 29 mart məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 117,28 dollara satılır.

2022-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 50 dollardan götürülüb. “AzəriLayt” yanvara 82,49, fevrala 94,20, marta 102,30 dollarla başlayıb.

Rəsmi hesabata əsasən, 2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 5,4 milyon ton əmtəəlik xam neft çıxarılıb. Gündəlik xam neft hasilatı yanvarda 580,9 min barrel, fevralda 566,3 min barrel olub, iki ayda Azərbaycandan 2,9 milyard dollarlıq xam neft və xam neft məhsulu ixrac edilib.

Beynəlxalq razılaşmaya görə, martda Azərbaycanın gündəlik xam neft hasilatı 675 min barreldir, apreldə 682 min barrelə yüksələcək. Neft ixrac edən ölkələri birləşdirən koalisiyanın (OPEK+) aprel ayı üzrə hasilat razılaşmasını 20 ölkə dəstəkləyib. Onların 10-u OPEK təmsilçisidir: Anqola, Birləşmiş Ərəb Əmirlikləri, Ekvatorial Qvineya, Əlcəzair, İraq, Konqo, Küveyt, Qabon, Nigeriya, Səudiyyə Ərəbistanı. Razılaşmaya bu qeyri-OPEK ölkələri qoşulub: Azərbaycan, Bəhreyn, Bruney, Cənubi Sudan, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan.

pia.az