“Qarabağda baş verən son hadisələrin siyasi səbəbləri çox ola bilər” - Könül İsmayılova

Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova öz “Facebook” səhvəsində Qarabağda baş verən son hadisələrə münasibət bildirib.

PİA.az həmin statusu təqdim edir:

Qarabağda nə baş verir?

Qarabağda yaşayan ermənilər onlara verilən qazın kəsilməsindən soyuq havada pis vəziyyətdə yaşadıqlarından şikayətlənirlər. Ermənilər Azərbaycan tərəfi qazı məqsədli və bilərəkdən kəsməkdə ittiham edirlər. Məlumdur ki, yaranan problemdə səbəb və məqsədin nə olmasından asılı olmayaraq rəsmi Bakı heç də Qarabağdakı ermənilərə qaz vermək məcburiyyətində deyil.

Azərbaycanın Xarici İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama verdi. Açıqlamada deyilirdi ki, bölgədə bir neçə gün ərzində ağır hava şəraiti ilə əlaqədar qaz xətlərində texniki problemlər yaranıb. Aydın məsələdir ki,bu texniki  problemi ermənilər öz məqsədləri üçün istifadə etmək niyyətindədir. Amma Azərbaycan Ermənistana xatırlatmalıdır ki, ermənilər indi qazsız qalıbsa, onlara görə uzun illər ərzində Naxçıvan qaz blokadasında qalıb və əhalisi əziyyət çəkib.

Son günlər sosial şəbəkələrdə də Azərbaycan ordusunun Xocalı istiqamətində əməliyyatlarını əks etdirən kadrlar yayılır. Kadrlarda Xocalının Fərrux və Pirlər kəndlərinin ərazilərinə ordumuzun nəzarət etdiyi deyilir. Hətta  bu məlumatlar sosial şəbəkələrdə çox paylaşılır.

Qarabağda baş verən son hadisələrin siyasi səbəbləri çox ola bilər. Burada Rusiya və Qərb faktorunun olması şübhə doğurmur. Amma çoxları Rusiyanın Ukraynadakı üzücü müharibəsini əsas gətirərək onun Azərbaycana qoşun yeritmək imkanının olmadığını iddia edir. Bu çox aldadıcı faktdır. Çünki Rusiya üçün belə məhdudiyyət yoxdur.

Rusiyanın Ukraynada etdiyi işğalçılıq əməliyyatlarını nəzərə alaraq Azərbaycan hökuməti öz tədbirlərini görməlidir. Rusiyanın hansı addım atacağını proqnoz etmək olmur. Düşünürəm ki, son olanlar və ümumiyyətlə baş verənlər bir daha nəzərdən keçirilməlidir.

pia.az