Berdyanskda vurulan gəmidə yüzlərlə rusiyalı hərbçi və onlarla tank olub - Yenilənib

Ukrayna Müdafiə Nazirliyi Rusiya ordusuna məxsus “Orsk” desant gəmisinin məhv edilməsi ilə bağlı rəsmi açıqlama verib.

"Berdyanskda məhv edilən gəmi 20-yə qədər tank, 45 zirehli transportyor və 400 desantçı daşıyırdı. Bu, hərbçilərimizin vurduğu böyük hədəfdir", - müdafiə nazirinin müavini Anna Malyar bildirib.

Eyni zamanda Rusiya mənbələri “Orskun” tamamilə dağılaraq batdığını bildirir. Daha bir neçə desant gəmisi zədələnib. Rusiya ordusunun çoxlu sayda hərbçisi həlak olub.

***

Ukrayna ordusu Azov dənizinin Berdyansk şəhəri sahillərində Rusiyanın “Orsk” adlı iri desant gəmisini məhv edib.

UNİAN xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Rusiya gəmisinin partladıldığını və yandığını əks etdirən video da yayımlanıb.

Qeyd edək ki, Rusiya qoşunları Berdyanska müharibənin ilk günlərində daxil olublar.

pia.az