Xəzər İsayev: "Bəzi olimpiya komplekslərində fəaliyyətsizlikdir"

"Dövlətimiz və ölkə başçısı bizim üçün olimpiya kompleksləri tikib, amma onların bəzilərində fəaliyyətsizlik mövcuddur".

Bunu "Report"a açıqlamasında sərbəst güləş üzrə dünya və 2 qat Avropa çempionu Xəzər İsayev deyib.

Milli Olimpiya Komitəsinin sabiq vitse-prezidenti ölkədə yetərincə olimpiya kompleksinin və idman obyektlərinin olduğunu xatırladıb. İsayevin sözlərinə görə, bütün bu infrastruktur Azərbaycan idmanının inkişafı üçün önəmlidir. Lakin onun fikrincə, olimpiya komplekslərində mütəxəssis azlığı var: "Yəqin ki, Gənclər və İdman Nazirliyi bununla bağlı islahatlar aparır. İstəyirəm ki, hər rayonda və bölgədə məşqçilərimiz çalışsınlar. Məşqçiləri olimpiya komplekslərinə cəlb etmək olar. Bir-iki komandanın hansısa idman kompleksində məşq etməsi bu işin həlli məsələsi deyil. Bazalar "qaynamalı" və işləməlidir. Həmin idman obyektlərinə insanları təmannasız dəvət etmək lazımdır. Məşhur idmançılar hamısı kasıblar olur. Onlara diqqət etməli və idmana cəlb etməliyik. Regionlarda idmançılar püxtələşərək, milli komandalara gəlməlidirlər. Ən böyük problemlərdən biri odur ki, ölkədə Azərbaycan çempionatından başqa hansısa turnir keçirilmir. Amma olimpiya kompleksləri boş qalıb".

59 yaşlı veteran idmançı Bolqarıstanın Plovdiv şəhərindəki U-23 Avropa çempionatından sonra Prezident İlham Əliyevin yığma üzvləri ilə görüşü barədə də təəssüratlarını bölüşüb: "Cənab Prezident 1997-ci ildən indiyədək, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilən gündən bütün idman ictimaiyyətinə böyük diqqətlə yanaşıb. Ölkədə idmançılar iş və təhsillə, həmçinin orden, medallarla da təmin olunublar. O, olimpiya hərəkatına rəhbərlik etdiyi gündən diqqət və qayğısı dayanmayıb, indi də davam edir. İlham Əliyevin sərbəst güləşçiləri qəbul etməsi sensasiya deyil. Bu, artıq adi hala çevrilib. Çünki dövlət başçısı hər yüksək uğurdan sonra Azərbaycan idmançılarını qəbul edir".

İsayevin bu görüşdə sevindirici halın olduğunu vurğulayıb: "Tokio-2020 Yay Olimpiya Oyunlarından sonra İlham Əliyev çıxışında gəncləri xüsusi vurğulamış və onların harada olduğunu soruşmuşdu. Başqa idman növlərini deyə bilmərəm, amma güləşçi gənclərimiz həmişə yüksək nəticə əldə ediblər. Müxtəlif yaş qruplarında komanda hesabında qələbə qazandığımız yarışlar olub. Amma U-23 Avropa çempionatında ilk dəfə bu uğura yiyələndik. Bu, fərəhləndirici haldır və cənab Prezident də bunu xüsusi qeyd etdi".

Sabiq güləşçi Azərbaycan idmanının gələcəkdə daha böyük uğurlara imza atacağını bildirib: "Azərbaycan Güləş Federasiyası Prezident İlham Əliyevin MOK-a rəhbərlik etdiyi dövrdə 24 olimpiya medalı qazanıb ki, bunlardan 4-ü qızıldır. Amma son iki olimpiadada güləşçilər qızıl medal əldə edə bilməyiblər. Buna baxmayaraq, bu komanda Azərbaycanın digər növlər üzrə milliləri arasında hələ də liderdir. Prezident bütün bu uğurlardan xəbərdardır və onun güləşçilərə olan münasibəti, diqqəti göz önündədir. Qarşıda bizi Paris-2024 Yay Olimpiya Oyunları gözləyir. Tokiodakı yarışa hazırlıq demək olar ki, koronavirus dövrünə təsadüf etdi. İctimai Televiziyada yığmanın məşqçisi Həsən Əliyevlə görüşərkən, ona öz məsləhətlərimi verməklə yanaşı, növbəti olimpiada üçün vaxtın az olduğunu bildirdim. Fransadakı olimpiadada Azərbaycan güləşçilərinin ən azı 1 qızıl medal qazanmalarını istəyirik. Cənab Prezidentə can sağlığı arzulayıram. Qoy, idmançılara diqqət və qayğısı əksik olmasın. O, idmançıların əksəriyyətini dəqiqliklə tanıyır. Gələcəkdə də belə dövlət başçısı üçün daha böyük nailiyyətlər əldə etməyə borcluyuq".

SSRİ-nin Əməkdar İdman Ustası digər olimpiya növlərindəki idmançıların da gənclərin yarışında yüksək nəticələr əldə etməli olduqlarını vurğulayıb: "Gənclərdən səmərəli istifadə etmək lazımdır. Gənclər, yeniyetmələr hər zaman uğur qazanıblar. Amma böyüklərə keçid prosesində də diqqətli olmalı, bu işi düzgün qurmalıyıq. Elə addımlar atmalıyıq ki, artıq idmançı gənc vaxtında yığmaya cəlb edilsin və onlara böyüklər kimi yanaşılsın. Bu, güləşə və digər idman növlərinə də aiddir. Bəzi gənclərimiz uğurlar qazanır və daha sonra itirlər. Federasiyalar keçid dönəminə ciddi yanaşsınlar. Bundan çox şey asıldır. Bəzi gənclər böyüklərin yarışına keçəndə də uğurlar əldə edir, amma elələri olur ki, hətta güləşdən uzaqlaşırlar. Yəqin ki, Azərbaycan Güləş Federasiyasının yeni rəhbərliyi bu kimi bütün məsələlərə baxacaq. İstedadlı idmançılar kənarda qalmamalı və ən azı bir çəkidə iki eyni səviyyəli idmançı yer almalıdır. Azərbaycanda bir-biriləri ilə rəqabət aparsınlar, dünya arenasında isə Avropa, dünya və olimpiya çempionluğunu özləri üçün hədəf seçsinlər".

pia.az