Rusiya mətbuatında istefa dalğası - Ovsyannikovanın ardından etirazlar artıb...

Jurnalist Marina Ovsyannikovanın dövlət televiziyasının canlı yayımında müharibəyə etiraz etməsi Rusiya mətbuatında müharibə ilə bağlı narazılıqları üzə çıxarıb. Bir çox jurnalist istefa verib, ölkənin tanınmış simaları isə müharibə əleyhinə paylaşımlar ediblər.

“AzPolitika.info” “BBC”-yə istinadla xəbər verir ki, Marina Ovsyannikova çalışdığı dövlət televiziyası “Birnnci” kanaln canlı yayımında müharibə əleyhinə aksiya keçirdikdən sonra Rusiya mediasında istefa dalğası yaşanır. Bir sıra kanallar jurnalistlər etiraz aksiyasına qoşularaq, istefa verirlər.

“BBC”-nin xəbərinə görə, Ovsyannikovanın etirazından dərhal sonra həmin kanalda çalışan müxbir Janna Ağalakova, NTV-də çalışan jurnalistlər Liliya Gildeyeva və Vadim Qlusker istefa veriblər.

Rusiyanın ən tanınmış tok-şou aparıcılarından olan İvan Urqant özünün sosial şəbəkə hesabından “Müharibəyə yox” mesajı paylaşaraq, “Birinci” kanalda yayımlanan verilişinə fasilə verdiyini açıqlayıb.

Ölkənin ən məşhur cütlüklərindən olan Alla Puqaçova və Maksim Qalkin də “Müharibəyə bəhanə yoxdur, müharibəyə yox” kimi paylaşımlar ediblər.

Xatırladaq ki, bundan əvvəl “RT” kanalının baş redaktoru, tanınmış jurnalist Mariya Baronova Ukraynanın işğalından sonra telekanaldan ayrıldığını açıqlamışdı.

Eyni zamanda Ukraynada gedən müharibə ilə əlaqədar müstəqil televiziya kanalı olan “TV Rain” də yayımını dayandırmışdı.

pia.az