Arif Qasımov Nizamidən getdi, amma “qara kassası” Tariyel Tahirov hələ də rayonu talan edir..

Yaşıllıqların qənimi  Tariyel Tahirov  niyə cəzalandırılmır?...

Arif Qasımov haqqında  uzun-uzadı  yazmadan qeyd  edək ki, bu şəxs müxtəlif illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi, Bakı şəhəri Nizami Bələdiyyəsinin sədri, 2011–2015-ci illərdə isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. 2015-ci ildə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Və...2020-ci ildə vəzifəsindən rüsvayçılıqla qovulmuşdur. 

Bəli, vəzifəsindən azad edilməmişdir, konkret olaraq  qovulmuşdur. Çünki  bu adam, Heydər Əliyev Fondunun Vitse-prezidenti  Leyla xanım Əliyevanın  Nizami rayonunda abadlaşdırdığı məhəllədəki uşaqlar üçün istirahət yerinin, oyun meydançasının yerində özü üçün restoran tikmişdi.

Məhz buna görə, vəzifəsindən qovuldu.

Arif Qasımov vəzifəsindən getsə də, onun biznes şərikləri hələ də Nizami rayonunda at oynadırlar. 

Yuxarıda qeyd etdiyimiz kimi  Arif Qasımov Siyəzəndə icra başçısı olanda onun orada “qara kassası”  olub. 

Bəli, Tariyel Abdurahman oğlu  Tahirov  Siyəzən RİH-də Arif Qasımovun tikinti üzrə müavini olub. Və Siyəzən rayonunda  torpaq  satmaqla, qanunsuz  tikililərə saxta sənəd verməklə tanınıb.

Və Arif Qasımov Nizami RİH-ə başçı təyin olunan kimi Tariyel  Tahirovu  Nizami RİH-də Təsərrüfat şöbəsinə müdir təyin etdi və Tariyel  Tahirov  Siyəzəndə elədiyi  qanunsuzluqları Bakıda davam etdirməyə başladı. 

Bircə  nümunə ilə bu qanunsuzluqlara  nəzər salaq. 

Nizami rayonu ərazisindəki  neçə min voltluq  elektrik xətlərinin altında sovet dövründə yaşıllıqlar salınıb ki, gərginliyi azaltsın. Tariyel  Tahirov isə həmin təhlükəli ərazidəki ağacları kəsdirərək, ictimai-iaşə obyekti, çayxana, kafe kimi  iş adamlarına satıb. 

Bu adamı Nizami rayonunda  “yaşıllıqların qənimi” kimi tanıyırlar. O, öz dəstəsi ilə  Nizami  rayonunda ağacları kəsir, ərazini  təmizləyir və sonra  baha qiymətə satır. Bir neçə il əvvəl  metronun "Neftçilər” stansiyasından üzü "Xalqlar dostluğu” istiqamətinə gedəndə yolun sağında, 9 mərtəbəli binaların qarşısındakı yaşıllıqlar da məhv edilib yerində  obyektlər tikliləndə  media  Tariyel və Arif Qasımovu gündəmə gətiridi. 

Vaxtilə  bu əməlləri  Tariyel  Tahirov öz şefi   Arif Qasımovun  göstərişi ilə edirdi. Bəs indi..? 

Mediadan yayılan məlumatlardan bəlli olur ki,  Arif Qasımovun cismi Nizami RİH-dən getsə də  ruhu hələ də orada dolaşır və Arif Qasımov  Tariyel  Tahirovun əli ilə indi də Nizami rayonundan, daha doğrusu, burada fəaliyyət göstərən tikinti şirkətlərindən, ayrı-ayrı sahibkarlardan əl çəkmir. Müxtəlif yüksək çinli məmurların adından istifadə edərək iş adamlarına, xüsusən də tikinti ilə məşğul olan şirkətlərə təzyiq edərək pul yığırlar. 

Tariyel  Tahirov elə möhtəbər şəxslərin adından istifadə edir ki...hətta Bakı ŞİH-nin başçısı, hörmətli  Eldar Əzizovun adını hallandırır. 

Bəli,  Nizami rayonu  Arif Qasımovun istilasından azad olsa da, Tariyel Tahirovlar  hələ də bu rayonda at oynadır.  Görəsən, müvafiq dövlət qurumları bunu görmür?..

Qarşı tərəfin mövqeyini dərc etməyə  hazırıq.  (gundelik baku.com)

pia.az