“Mən öləndən sonra qaboy yetim qalacaq...” - Mərhum xalq artistinin qızı

"Atam qəfildən dünyasını dəyişdi. Səhhətiylə bağlı elə problemi yox idi. Ürəyində qəfildən problem yarandı və elə də dünyasını dəyişdi. Çərşənbə axşamı idi, bayramı keçirdirdik. Gecə saatlarında isə qəfil halı dəyişdi. Dedi ki, "ürəyim bulanır". Mən də limonlu su verdim içdi. Daha sonra əl-üzünü yudu və elə başını həyat yoldaşımın çiyninə qoyub dünyasını dəyişdi"

PİA.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Xalq artisti, qaboy ifaçısı Kamil Cəlilovun qızı Gülşən Cəlilova deyib. G.Cəlilova atasıyla bağlı xatirələrini bizimlə bölüşüb:

"Evimizdə hər cümə məclis olur. Atamın dünyasını dəyişməsi anını danışıram deyirlər ki, çox rahat ölümdür. Görün o nə qədər yaxşı insan olub ki, dünyasını dəyişəndə də əziyyət çəkməyib. Atam heç vaxt ölüm haqqında düşünmürdü. Ölüm sözünü dilə gətirəndə deyirdi ki, "o sözün adını çəkmə". Çox sağlam adam idi, başı ağrımayıb, təzyiqi olmayıb".

G.Cəlilova atasının İkinci Fəxri Xiyabanda dəfn edildiyini bildirib:

"Atam İkinci Fəxri Xiyabanda dəfn edildi. Sadəcə biz dedik ki, gedib Bilgəhdə anamın qəbrinin yanında qəbir qazdıraq. Amma Mədəniyyət Nazirliyində bunu bilib Cənab Prezidentə məlumat verdilər. Cənab Prezident də həmin vaxt Moskvada rəsmi səfərdə idi. Ondan sonra Cənab Prezident tapşırıq vermişdi ki, Kamil Cəlilov İkinci Fəxri Xiyabanda dəfn edilsin. Buna görə Cənab Prezidentə və ailəsinə Kamil Cəlilovun ailəsi adından təşəkkür edirik". 

G.Cəlilova atasından sonra evlərində böyük bir boşluq hiss etdiklərini bildirib:

 "İnanmazsınız ki, nə qədər çətindir. Evdə böyük bir boşluq var. Hər gün ağlayırıq. Atam 10 il bizimlə yaşadı. Oğlum, qızlarım babalarına öyrəşmişdilər deyə indi hamısı darıxır. Bizdə evdə kamera var deyə indi oğlum oturub atamın evdə olduğu çəkilişlərin hamısını açıb bir-bir baxır. O çəkilişləri saxlayırıq. Atam çox həyatsevər insan idi, amma həmişə deyirdi ki, qaboy məndən sonra yetim qalacaq. Keçən həftə qaboyunu məzarı üstünə aparıb dedim ki, ay Hacı, qaboyun məndədir, narahat olma. Həqiqətən də qaboyunu çox istəyirdi. Yeganə ifaçı idi. İndi baxıram ki, həqiqətən də atamın qaboyu yetim qaldı". 

G.Cəlilova atasının həmişə kasıb ailələrə köməklik etdiyini bildirib:

"Atam çox xeyirxah insan olub. Səksən dörd yaşına qədər şərəflə yaşayıb. Dünyasını dəyişənə qədər aldığı təqaüdündən ayırıb kasıb ailələrə köməklik edib. İndi o insanlar zəng vurub kövrəlirlər. Atam bu dünyada çox yaxşılıqlar edib. Diqqətinizə görə hamınıza təşəkkür edirəm".

pia.az