Arestoviç Zelenskinin təxliyədən necə imtina etməsindən danışdı - Video

“Ukrayna Prezidenti Volodimir Zelenskiyə müharibənin ilk günlərində ölkədən təxliyə təklif olunsa da, o, qətiyyətlə bundan imtina etdi. Ölkə başçısını zəif hesab edənlər tamamilə yanıldılar”.

Bunu Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç tanınmış jurnalist Dmitri Qordona müsahibəsində deyib.

“İlk günlərdə həm Qərb tərəfdaşlarının, həm də öz mühafizəçilərinin təkidinə baxmayaraq, o, evakuasiyadan imtina etdi. Çünki Qostomeldə desant olanda bizdə tam dəqiq məlumat var idi ki, növbəti desant Peçorskda olacaq. O isə dedi: “Mən əlimə avtomat alıb döyüşəcəm, problem nədədir ki?” – deyə Arestoviç baş verənləri danışıb.

Müşavir əlavə edib ki, çoxları dövlət başçısını təmkininə və cəsarətinə görə tərifləyirlər:

“İlk 48 saat ərzində, artıq Kiyevdə döyüşlər gedəndə, heç kim bunun necə qurtaracağı, bu diversantların haradan çıxacağını bilmirdi. Prezident Ofisinin yaxınlığında iki dəfə atışma olub. O (prezident - red.) isə: “Evakuasiya mövzusunu bağlayın. Mən heç vaxt getməyəcəyəm, lap 10 desant gəlsin, lap Prezident Ofisi raketlərlə vurulsun”, - deyə qətiyyətlə bildirdi”. (oxu.az)

pia.az