Rusiya zəlzələsi ətrafı da vurur

Beynəlxalq reytinq agentlikləri ağır sanksiyalar altına düşmüş Rusiyanın borclarını ödəyə bilməmək durumuna – defolta getdiyini bəyan edir.

Novator.az-ın məlumatına görə, London İqtisadiyyat Məktəbinin professoru, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu Beynəlxalq Valyuta Fondunun da Rusiyada defoltun mümkünlüyü qənaətinə gəldiyini yazır:

“Rusiya iqtisadiyyatının batacağı barədə proqnozlar təsdiq olunur. Ən pisi odur ki, Rusiya özü ilə bərabər orbitindəki ölkələri də tənəzzülə sürükləyir. Rusiya iqtisadiyyatının hazırkı vəziyyəti birinci növbədə Avrasiya İqtisadi İttifaqına üzv ölkələri – Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstanı vuracaq. Böhran Tacikistan, Özbəkistan, Türkmənistana və hazırkı siyasəti davam etdirərsə, Azərbaycana da təsir edə bilər.

Azərbaycan hökuməti Rusiyaya sanksiyaların tətbiqindən sonra regionda formalaşan yeni meyilləri, qərarlaşan tendensiyaları müxtəlif ssenarilər üzrə qiymətləndirməli və qısa müddət ərzində adekvat proqramlar qəbul etməlidir. Rusiya sərmayəsi olan banklar və şirkətlərlə bağlı vəziyyətə aydınlıq gətirilməli, bankların son günlər valyuta mübadiləsi ilə bağlı manipulyasıyalarının (bəzi banklar dollar alır, satmır, rubl almır, satır), ölkədən valyuta çıxarılmasının qarşısı alınmalıdır, yoxsa Azərbaycanda ayrıca rus bankları və şirkətləri defolt ola və manatın kövrək sabitliyi pozula bilər”.

pia.az