Hafiz Hacıyev: “Putin Ukraynada qalib gəlsə, Azərbaycandakı beşinci kalon dövlət çevrilişinə cəhd edəcək”

“Rusiya imperiyası çökür, vəziyyət gərgindir. Ölkə daxilində parçalanma var. Ukrayna xalqı qalib gəlir. Ukrayna xalqı öz ərazi bütövlüyünü təmin etmək istəyir. Azərbaycan xalqının, xüsusilə, ziyalılarımızın, ölkəmizin media orqanlarının Uraynanın haqlı mübarizəsini dəstəkləməsi, əlbəttə ki, Rusiyanın xoşuna gəlmir. Ona görə də son vaxtlar Rusiyanın bir sıra politoloqları, ictimai xadimləri Azərbaycana hücum edir, ideloji təbliğata başlayırlar. Hər halda bunlar nəticəsiz qalmayacaq”.

Bunu TNS-ə açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Partiya sədri bildirib ki, Rusiyanın Azərbaycandakı 5-ci kalonu artıq məhv olur: “Bilirsiniz ki, Azərbaycandakı 5-ci kalona Ramiz Mehdiyev rəhbərlik edirdi. Düzdür, onun vəzifəyə gətirdiyi xeyli adam hələ də iş başındadır. Bu, bizim üçün çox təhlükəlidir. Onlar startda durmuşdular. Həmin adamlar müharibə başlayan ərəfədə Rusiyanı təbliğ edirdilər, çalışırdılar ki, Azərbaycanın Ukrayna ilə münasibətləri korlansın. Ancaq cənab Prezident onların bütün planlarını pozdu. Dövlət başçısının Ukraynaya səfəri, bizim üçün dost ölkənin ərazi bütövlüyünə dəstəyini ifadə etməsi daxildəki 5-ci kalonun ünsürlərini çox ciddi narahat edib. Onlar çalışırlar ki, ölkədə qarışıqlıq olsun. Mən açıq deyirəm, onlar ölkədə çevriliş etmək istəyirlər. Əgər Rusiya Ukraynada qalib gəlsə, Azərbaycandakı 5-ci kalon aktivləşə bilər. Ölkədəki 5-ci kalonun üzvlərinin indi ən böyük arzusu Putinin müharibəni uduzmaması və devrilməməsidir. Ancaq onların arzusu gözündə qalacaq. Düşünürəm ki, gec də olsa demokratiya qalib gələcək”.

Hafiz Hacıyevin sözlərinə görə, biz bu ərəfədə çox həssas və diqqətli olmalıyıq.

“Rusiyanın belə bir fikri var idi ki, əgər Ukraynanı işğal etsə, sonra digər postsovet ölkələrini də bir çətir altında birləşdirsin. Ancaq Rusiyanın bu planları baş tutmayacaq. Putinin Ukraynaya hücum etməsi Rusiyaya ciddi sanksiyaların tətbiqi ilə nəticələndi ki, bu da onları xeyli zəiflədəcək. İndi Rusiyanın daxilində də çox böyük qarışıqlıq var. Bütün bunlar ondan xəbər verir ki, Vladimir Putin hakimiyyətinin devrilməsinə çox az qalıb. Putinin Azərbaycanda da emissarları çoxdur. Onlar bu gün çox pis vəziyyətdə qalıblar və vəziyyətdən çıxmağın yollarını axtarırlar. Hesab edirəm ki, onlar çox düşünmədən ərizələrini verib getsələr özləri üçün yaxşı olar”, - partiya sədri bildirib.

Hafiz Hacıyev 5-ci kalonun nümayəndələrinin hələ də Azərbaycanın bir sıra dövlət orqanlarında yüksək vəzifələrdə çalışdıqlarını iddia edib: “Milli Məclisin deputatlarının əksəriyyəti Moskvanın xeyir-duası ilə təyin olunub. Ona görə bizi də çox qorxulu oyunlar gözləyə bilər. Onlar pusquda dayanan adamlardır. Belə adamlar Azərbaycanda vəziyyətin gərginləşməsi üçün məqam gözləyirlər. Sevindirici cəhər odur ki, onların “dədəsi” Putin artıq məhv olur. Ancaq bütün hallarda ehtiyatı əldə verməməliyik".

Partiya sədri dünyanın indiki çətin və qarışıq dövründə Azərbaycan xalqını dövlətimizin bütövlüyünün qorunması naminə Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməyə çağırıb: “Beşinci kalon ölkədəki milli qüvvələrə qarşı səlib yürüşünə keçib. Fürsət düşən kimi, milli qüvvələri şərləyib məhv edirlər. Ona görə də biz Prezidentin yanında olmalıyıq ki, təhlükələri sovuşduraq. Beşinci kalonu tamamilə məhv etməliyik ki, onların yerinə milli qüvvələr gəlsin”.

“Azərbaycanda bəzi qüvvələr var ki, beşinci kalonla birləşib dövlət çevrilişi etmək istəyirlər. Onlar hətta öz prezidentlərini də müəyyənləşdiriblər. Bunlar çox ciddi faktlardır. Və biz bunlara qarşı mübarizə aparırıq. Biz ölkəmizi gözləyən təhlükələrdən qorumaq üçün milli birliyimizi gücləndirməli və bir daha təkrar edirəm ki, ölkə başççısının ətrafında daha sıx birləşməliyik”, - Hafiz Hacıyev əlavə edib.

pia.az