Rusiya çağırışçıların Ukraynaya göndərildiyini və əsir düşdüyünü etiraf etdi

Rusiya Müdafiə Nazirliyi Ukraynaya göndərilən hərbçilər arasında təcili hərbi xidmət çağırışçılarının da olduğunu və onların əsir düşdüklərini etiraf edib.

Nazirliyin nümayəndəsi, general-mayor İqor Konaşenkov bu gün keçirilən brifinqdə çağırışçıların Ukraynada döyüşən ordunun tərkibində olmasını indi aşkarladıqlarını qeyd edib.

Nazirlik rəsmisinin sözlərindən belə aydın olub ki, Ukraynaya göndərilən həbrçilər arasında çağırışçıların olmasına dair cəmi bir neçə fakt aşkarlanıb: “Demək olar ki, bütün belə hərbçilər Ukraynadan çıxarılıb”.

İ.Konaşenkov çağırışçıların bir hissəsinin Ukraynada əsir götürüldüyünü də etiraf edib: “Arxa təminatı həyata keçirən hissələrdən birinə millətçilərin diversiya qrupu tərəfindən hücum edilib. Bir sıra hərbçilər, o cümlədən çağırışçılar əsir düşüb”.

Rusiya Müdafiə Nazirliyi əsir götürülən hərbçilərin qaytarılması üçün iş apardıqlarını bəyan edib.

Maraqlıdır ki, indiyədək Rusiya MN təcili xidmət hərbçilərinin Ukraynaya göndərilməsi faktını təkidlə inkar edirdi. Hətta martın 8-də prezident Vladimir Putin bildirmişdi ki, Ukraynaya yalnız peşəkar hərbçilər göndərilib.

pia.az