Hafiz Hacıyev: “Bütün dünyada sülh prosesinə əngəl törədən Putinin burnu əzilməlidir”

“Rusiya tarixin bütün dövrlərində işğalçılıqla məşğul olub. Bu gün Rusiya Prezidenti Vladimir Putinin apardığı siyasət dünyanın əksinə gedən bir siyasətdir. Ona görə də Putinin burnu əzilməlidir. O, bütün dünyada sülh prosesinə əngəl törədir”.

Bunu TNS-ə açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Partiya sədri bildirib ki, bu gün Ukraynada dinc əhaliyə qarşı törədilənlərin günahkarı Putindir. O, cinayərtkardır. Rusiya isə işğalçı dövlətdir. Bütün dünya ayağa qalxıb bu işğalçı dövlətin başçısını yerində oturtmalıdır. Onlar bu gün faşist kimi hərəkət edirlər.

“Ukrayna bizim üçün dost ölkədir. Ukrayna həm Birinci Qarabağ müharibəsində, həm də Vətən müharibəsində bizim yanımızda olub. Düşünürəm ki, Ukraynanı dəstəkləməli, bu gün də biz onların yanında olmalıyıq”, - Hafiz Hacıyev bildirib.

O, Müasir Müsavat Partiyasının Rusiya işğalını pisləyən bəyanat verdiyini deyib: “Biz Ukraynanın yanındayıq. Şəxsən mən bu yaşımda Ukrayna ordusuna qoşulmağa hazıram”.

pia.az