Rusiya tankları Kiyevə doğru irəliləməyə başladı -  Video

Şiddətli döyüşlər gedir, Rusiyanın daha bir hərbi təyyarəsi vuruldu...

Rusiya tankları İvankov şəhərindən Kiyevə doğru irəliləyir. APA xəbər verir ki, bu barədə Unian.net sayı məlumat yayıb.

Ukrayna hərbçiləri Rusiya Ordusunun hücumunu ləngitmək üçün Demidov kəndi yaxınlığındakı körpünü partladıb.

Rusiya texnikasının hücum marşrutunu dəyişərək Kiyevin 7 kilometrliyində yerləşən Qostomel aerodromuna hərəkət etdiyi əlavə olunub.

Hazırda Kiyevdə hava həyəcanın elan olduğu bildirilib.

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko özünün Twitter səhifəsində bildirib: “Ən ağır gün bu gün olacaq. Düşmənin planı tank kalonları ilə İvankova və Çerniqov istiqamətindən Kiyevə soxulmaqdır. Rus tankları bizim tank əleyhinə raketlərimizin-“Stuqna”, “Korsar”, müsttəfiqlərimizin verdiyi NLAW и “Javelin” raketlərinin zərbəsindən yaxşı yanırlar. Kiyevin müdafiəçiləri hazır gözləyir”.

Ukrayna silahlı qüvvələrinin Baş qərargahı isə bildirir ki, hazırda Dimer və İvankov yaşayış məntəqələri ətrafında döyüşlər gedir. Bu istiqamətlərdə Rusiyanın böyük sayda zirehli texnikası irəliləyib.

Ukraynadakı hərbi əməliyyatların ikinci günü Rusiyanın daha bir hərbi təyyarəsi vurulub.

Bu məlumatı isə Ukraynanın Daxili İşlər Nazirliyi yayıb.

Qeyd olunub ki, Rusiya fevralın 25-də səhər saatlarında Ukrayna ərazisini yenə bombalayıb. Məlumata görə, Ukraynanın paytaxtı Kiyevdə yaşayış yerlərinə yaxın ərazidə Rusiyanın hərbi təyyarəsi vurulub. Nazirlik bildirib ki, təyyarə yaşayış yerlərinə düşərək binalara zərər vurub.

Xatırladaq ki, fevralın 24-də Ukrayna səmasında Rusiyanın 7 qırıcı təyyarəsinin vurulduğuna dair məlumat yayılmışdı.

pia.az