G7: "Beynəlxalq nizamın qorunması üçün zəruri olan hər şeyi etməyə qətiyyətliyik" - BƏYANAT, Yenilənib

G7 ölkələrinin liderləri virtual iclasdan sonra birgə bəyanat yayıb.

APA-nın CNN-ə istinadən xəbərinə görə, bəyanatda qeyd olunub ki, Rusiya Prezidenti Vladimir Putin özünü tarixin yanlış tərəfinə qoyub və Avropa qitəsinə müharibəni yenidən gətirib.

"Biz təkrarlanan təkliflərimizə baxmayaraq, Prezident Putinin Avropa təhlükəsizliyinə aid sualların həlli üçün diplomatiyada iştirakdan inadla imtina etməsini qınayırıq. Biz NATO, Avropa İttifaqı və üzv ölkələr, həmçinin Ukrayna da daxil olmaqla tərəfdaşlarımızla birlikdəyik, bütövlük və qayda-qanunlara əsaslanan beynəlxalq nizamın qorunması üçün zəruri olan hər şeyi etməyə qətiyyətliyik”, - bəyanatda qeyd olunub.

G7 liderlərinin iclasının təxminən 1 saat davam etdiyi bildirilib.

İclasda ABŞ Prezidenti Co Bayden, Almaniya Kansleri Olaf Şolts, Kanada Baş naziri Castin Trüdo, Fransa Prezidenti Emmanuel Makron, İtaliya Baş naziri Mario Draqi, Yaponiya Baş naziri Kişida Fumio, Böyük Britaniya Baş naziri Boris Conson, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen, Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel və NATO Baş katibi Yens Stoltenberq iştirak edib.

#Səid Babazadə

***

G7 liderlərinin iclası başlayıb.

APA-nın CNN-ə istinadən xəbərinə görə, bu barədə Ağ Ev rəsmisi bildirib.

“Prezident Bayden və liderlər Prezident Putinin Ukraynaya səbəbsiz və bəraəti olmayan hücumunu ilə bağlı birgə cavabı müzakirə edirlər”, - Ağ Ev rəsmisi bildirib.

Məlumata görə, bu gün səhər virtual iclasın başlamasından öncə bir sıra milli təhlükəsizlik rəsmisi Ağ Evə gəlib.

***

Böyük yeddilik (G7) liderləri yaxın vaxtlarda toplaşacaq.

APA xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.

Sammitin Ukraynadakı böhrana həsr olunacağı söylənilib.

Xatırladaq ki, G7 ölkələrinə ABŞ, İtaliya, Böyük Britaniya, Fransa, Almaniya, Kanada və Yaponiya daxildir.

pia.az