Namiq Abbasovdan xəbər var: Sakit məkanda yaşamağın üstünlüyü

Modern.az ləğv olunun Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri general-polkovnik Namiq Abbasovun harada olduğunu öyrənməyə çalışıb.

Keçmiş nazirin gündəmə gəlməsi təsadüfi deyil. Çünki 22 fevral tarixi Namiq Abbasovun doğum günüdür. Bu gün onun 82 yaşı tamam olub.

Namiq Abbasova yaxın olan mənbənin saytımıza bildirdiyinə görə, hazırda təqaüddə olan eks-nazir daha çox Bakı ətrafındakı bağ evində yaşamağa üstünlük verir. Bu da səbəbsiz deyil, sabiq milli təhlükəsizlik nazirinin səhhətində bir müddət əvvəl ciddi problem yarandığından, həkimlər ona daha sakit məkanda yaşamağı tövsiyə ediblər.

Xatırladaq ki, Namiq Abbasov 2018-ci ildə insult keçirmiş, ciddi müalicələrdən sonra səhhəti normallaşmışdı.

Namiq Abbasov 1940-cı il fevralın 22-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 1962-1976-cı illərdə “Abşeron” qəzetində rəhbər vəzifədə çalışıb. 1970-ci ildən partiya işinə keçib, Azərbaycan KP Abşeron RK-nin II katibi vəzifəsində işləyib.

1977-ci ildən təhlükəsizlik orqanlarında fəaliyyətə başlayıb 1979-cu ildə SSRİ DTK-nın Ali Məktəbini bitirib şöbə rəisinin müavini, şöbə rəisi, Azərbaycan SSR DTK sədrinin müavini kimi vəzifələrdə işləyib.

1989-92-ci illərdə Rusiyanın Murmansk şəhərində keçmiş DTK sistemində çalışan eks-jurnalist N.Abbasov hələ sabiq prezident Elçibəyin vaxtında - 1992-ci ildə Azərbaycan milli təhlükəsizlik nazirinin müavini təyin edilib. Daha sonra nazirin birinci müavini vəzifəsinə irəli çəkilib.

Heydər Əliyev hakimiyyətə gəldikdən sonra general N.Abbasov sabiq nazir Nəriman İmranovun vəzifədən getməsindən sonra milli təhlükəsizlik naziri təyin edilib. Bu, 1995-ci ilin mart ayına baş verib.

N.Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikası milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.

Nazir postundan azad ediləndən sonra o, 2004-cü ilin 16 dekabr tarixində ölkə başçısının sərəncamı ilə Azərbaycanın Özbəkistandakı səfiri təyin edilib.

2012-ci il oktyabrın 31-də Prezident İlham Əliyev Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Namiq Rəşid oğlu Abbasovun vəzifəsindən geri çağırılması barədə sərəncam imzalayıb. Səfir vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxıb.

pia.az