Almaniya Rusiyadan nə dərəcə asılıdır?

Qaz kəmərləri bağlanarsa, ABŞ Avropaya tədarükçü kimi daxil olacağı üçün Rusiya böyük itki verəcək...

Güney Öztürk“Posta” qəzeti, Türkiyə, 21 fevral 2022-ci il

Almaniya Rusiya işğalına qarşı Ukraynaya 5 min hərbi dəbilqə göndərməyi təklif edib. Bu, zarafat da deyil. Bəs Almaniya digər NATO müttəfiqlərindən fərqli olaraq niyə belə davranır?

Bunun arxasında tarixi travmalar dayansa da, əsl səbəb Almaniyanın enerji sahəsində illərdir tərksilah olmasındadır. 15 il əvvəl Almaniya atmosferi çirkləndirən və iqlimi dəyişən kömür və nüvə enerjisinə əsaslanan elektrik enerjisi istehsalını mərhələli şəkildə dayandırmaq qərarına gəlib. Berlin 2045-ci ilə qədər bunu qarşısına məqsəd qoyub. Beləliklə, kömür mədənləri bağlanmağa başlanıb. Keçid dövründə kömür təbii qazla əvəz olunub. 2011-ci ildə isə Rusiya ilə “Şimal Axını-1” boru kəməri istifadəyə verilib.

Kömürə və nüvəyə yox

Məhz həmin il, 2011-ci ildə Yaponiyada Fukusima nüvə qəzası baş verdi. Atom elektrik stansiyalarının təhlükəsizliyi Almaniya ictimaiyyətində mübahisəli məsələyə çevrildi. Xalqın nəbzini yaxşı tutan kansler Merkel dərhal addım atdı. O, atom elektrik stansiyalarının bağlanması üçün müəyyən edilmiş təqvimi irəli sürdü.

10 il əvvəl 17 nüvə reaktoru Almaniyanın elektrik enerjisinin 25 faizini təmin edirdi. Onların hamısı bir-bir bağlandı. Ötən ay bağlanan son 3 AES-dən sonra geriyə cəmi 3-ü qalıb. Onlar da bu ilin sonunda bağlanacaqlar. Lakin qlobal bazarda enerji qiymətləri almanların gözlədiyi kimi getmədi və sürətlə artdı. 2011-ci ildə Rusiya qazı Baltik dənizindən ölkəyə daxil olanda almanlar hər evə 250 kVt/saat elektrik enerjisi üçün 12,5 avro ödəyirdilər. 2021-ci ildə bu rəqəm 75 avroya yüksəldi.

Almaniya gördü ki, mədənlər və nüvə stansiyaları bağlanarkən, mövcud infrastruktur (külək və günəş elektrik stansiyaları) fabrikləri işlətmək və evləri qızdırmaq üçün kifayət etmir. Sonra da daha çox qaz almağa qərar verdilər.

Rusiyadan “Şimal axını-2” boru kəmərinin tikintisinə 2018-ci ildə başlanılıb. ABŞ-ın o dönəm prezidenti Donald Trampın sanksiyaları təhlükəsi ilə şirkətlərin bir-bir layihədən geri çəkilməsinə baxmayaraq, 1230 km-lik boru kəməri tamamlanıb. Rusiyanın “Qazprom” şirkəti də 10,6 milyard dollarlıq xərcin yarısını öz cibindən ödəyib.

Sovet İttifaqı 1960-cı illərdə Qərbi Avropa qazının 6 faizini təmin etdiyi halda, hazırda Rusiya istehsal etdiyi qazın 40 faizindən çoxunu Aİ ölkələrinə göndərir. Ötən il Almaniyanın qaz idxalının 62,5 faizi “Qazprom” vasitəsilə həyata keçirilib.

Üstəlik, Qazprom Almaniyada nəhəng qaz anbarlarına sahibdir (qazın 22%-i bu anbarlarda saxlanılır). Buna görə də Almaniya Ukrayna böhranının ortasında qalıb və Rusiyaya silah doğrulda bilmir. Ancaq boru kəmərləri Almaniya (Avropa İttifaqı) və Rusiya arasında sırf iqtisadi səbəblərə görə dağıdıcı münaqişələrin qarşısını ala bilər. Axı Rusiya idxalının 3/2-ni qaz-neft satışından əldə edir.

Qaz kəmərləri bağlanarsa, ABŞ Avropaya tədarükçü kimi daxil olacağı üçün Rusiya böyük, itki verəcək. Bəlkə də Putin həyatının qumarını oynayır.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVApia.az