Tahir Kərimli: “Bu, yeddibaşlı əjdaha çox böyük, dərin problemlərin təzahürü idi”

“Mənə ən çox təsir edən Əvəz Zeynallının etdikləridir. Bununla yanaşı, dərin münasibətim olmayan Aslan İsmayılovun məsələyə obyektiv yanaşması müsbətdir. Minnətdaram ki, yüzlərlə, hətta minlərlə insan müsbət reaksiya verib, məni başa düşüblər. Əksəriyyəti isə təhlükənin nə dərəcədə olduğunu anlaya bilmir. Bu, təkcə mənim hədələnməyim mənasını vermir. Azərbaycan dövləti üçün yeddibaşlı əjdaha kimi xarakterizə etdiyim çox böyük, dərin problemlərin təzahürü idi. Təəssüf ki, bunu anlamayıb mənfiyə yozanlar oldu. Onlardan biri də Əvəz Zeynallı idi".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

O bildirib ki, Əvəz Zeynallı tamamilə həqiqətəuyğun olmayan fikirlər səsləndirib: “Yadınızdadırsa, o, seçki ərəfəsində də bir nəfəri efirə çıxarıb mənim əleyhimə danışdırmışdı. Yəni, bu adamın qərəzli olduğu aydındır. Səbəbini isə yaxşı bilirəm: hələ o vaxtlar rəhmətlik Əbülfəz Elçibəy bir qrup tələbəni Türkiyəyə oxumağa göndərəndə bacım oğlunu, qaynımı göndərmək istəsəm də, alınmamışdı. Əbülfəz bəy yerlisi olduğuna görə Əvəz Zeynallını da göndərmişdi. Mən də həmin vaxtlar bunu dilə gətirib fikrimi bildirmişdim. Görünür, onun ürəyində qalıbmış. Adamı ləkələmək, regional hakimiyyətdən danışmaq nə deməkdir?! Bacım oğlu Şamaxıdan gedib Qarabağda şəhid olub - bu, regionçuluqdur? Bu, nə axmaq sözdür.Əvəz Zeynallı məlum videonu paylaşıb, lağlağı edir, xalqı da çağırır ki, baxın, gülün. Sən gör necə insansan ki, deputatları lağa qoyub həddini aşırsan. Elə bilirsən ki, hökm sahibisən, gec-tez hamı biləcək, görəcəklər konyukturaya xidmət edən adamsan. Ağzına gələni danışmağın ayıb deyil?! Tahir Kərimli nə etdiyini yaxşı bilir, əjdaha məsələsinin də nə olduğunu başa düşür. Sən hansı səviyyənin adamısan? Boş-boş danışmaqdan başqa heç nə bilmirsən. Bu insan yerini bilmir, təhqir edir. Gör, onun vətənpərvərliyi necə sıfır dərəcəsindədir ki, mən ölkənin gələcəyindən danışdığım halda, bu adam məni lağ obyektinə çevirir. Belələri ilə necə davranasan?!"

T.Kərimli, həmçinin qeyd edib ki, sosial şəbəkədə paylaşılan video ilə bağlı təxminən 30-dan çox jurnalist əlaqə saxlamağa çalışıb: “Təəssüf ki, məndən inciyiblər. Qeyd edirlər ki, televiziyalara müsahibə verirsən, amma bizə danışmırsan.  Hamı bilsin ki, mən heç kəsə telefonla müsahibə verməmişəm. Sadəcə olaraq, bir qrup televiziya əməkdaşı partiyanın qərargahına gəldiyinə görə onlara hörmətsizlik etmədim, müsahibə verdim. Müsahibə verməməyimin də əsas səbəbi odur ki, müvafiq rəhbər şəxslər mövzunu bilirdi və məsləhətləşdik ki, məsələni böyütməyək, araşdırmalar lazımi qaydada aparılsın...”.

pia.az