Memar: “Tarixi binaların mənzillərində 10 ildən bir təmir işləri pulsuz həyata keçirilsin”

Bakı şəhərində tarix və memarlıq baxımından əhəmiyyət daşıyan bir çox binaların görünüşü heç də xoş təəssürat yaratmır. Lakin bu binaların daxilində baş verənlər də heç də az əhəmiyyət daşımır.

Belə ki, bəzi hallarda sakinlər təmir işləri apararkən yaşadıqları binaların daxili vəziyyətini dəyişir.

Ümumiyyətlə sakinlərin buna icazəsi varmı, onlar memarlıq baxımdan xüsusi əhəmiyyətə malik olan evlərini istədikləri kimi təmir edə bilərmi?

Memar, sənətşünaslıq doktoru, professor Elçin Əliyev Media.Az-a açıqlamasında bu məsələni belə şərh edib.

“Bilirsiniz, hər birimiz evimizdə dəyişiklik edərkən yaşayış şəraitini yaxşılaşdırmaq, mənzil şəraitimizi daha rahat etmək məqsədi daşıyırıq. Bu, məntiqlidir və heç kimin buna qarışmağa haqqı yoxdur. Bununla belə, əgər siz dövlət tərəfindən qorunan, memarlıq abidəsində yerləşən bir mənzildə yaşayırsınızsa, sizin üzərinizə müəyyən məhdudlaşdırıcı qadağalar düşür. Məsələn siz dövlət orqanlarının razılığı olmadan binaları yenidən planlaşdıra, tarixi tökmə bəzəkləri ləğv edə, kaminləri sökə, binanın fasadlarında kondisionerlər quraşdıra bilməzsiniz. Digər tərəfdən, yaxşı olardı ki, dövlət orqanları belə hallarda vətəndaşların ehtiyaclarını öz şəxsi vəsaitləri hesabına ödəsin, misal üçün, hər 10 ildə bir dəfə mənzillərdə təmir işləri aparsın”.

Elçin Əliyev memarlıq abidələrinin daxilindəki səs-küy haqqında da danışıb.

O qeyd edib ki, yüksək səs sakinlərin psixikasına, sağlamlığına, binanın konstruksiyasına mənfi təsir göstərir, həmçinin köhnə divarlarda çatlar əmələ gəlir, tökmə bəzəklər düşür və sair.

“Məhz bu səbəblərdən mən tarixi binaların birinci mərtəbəsində və zirzəmilərində yerləşən çoxsaylı gecə klublarına, bar və restoranlara böyük kədər hissi və narahatlıqla baxıram. Mən əyləncə məkanlarının əleyhinə deyiləm - mən sadəcə olaraq orada yerləşən “bir günlük” iaşə obyektlərinə, binaların müvafiq təmirinə, yüksək keyfiyyətli avadanlıqların alınmasına sərmayə qoyulmayan məqamlara etiraz edirəm. İlk növbədə məhz onlar istər insanlara, istərsə də memarlığa ən çox zərər vuran tərəfdirlər”.

Memar vəziyyəti necə dəyişməyin yollarına da toxunub, təkliflərin irəli sürüb.

“Vətəndaşları maarifləndirmək lazımdır. Biz doğulduğumuz andan dövlətin yaratdığı, demək olar ki, varlığımızın bütün sahələrini tənzimlədiyi bir mühitdə yaşayırıq. Deməli ilk növbədə o vətəndaşların maarifləndirilməsinə, cəmiyyətin ümumi mədəni səviyyəsinin yüksəldilməsinə cavabdehdir. Axı hər şey əhalinin mədəni səviyyəsindən asılıdır. Niyə şəhərimizə, evimizə, blokumuza qulluq haqqında maarifləndirici videolar çəkilməsin? Niyə də bu videoları yerli telekanallarda pulsuz göstərməyək? Məgər biz binalarımızın, şəhərimizin küçələrinin gözəlliyindən həzz almırıqmı? Gözəl mühit həyatından razı vətəndaş yetişdirir, ətrafdakı səliqəsizlik və çirkab isə narazılıq və aqressiyaya səbəb olur”.

pia.az