Müharibə astanasında: Putin Ukraynadan tam olaraq nə istəyir?

“Şarkul Avsat” qəzeti, London, 13 fevral 2022-ci il

Rusiyanın Ukraynanı işğal edəcəyi ilə bağlı artan narahatlıqlar fonunda Rusiya prezidenti Vladimir Putinin bu müharibə ilə bağlı niyyətləri ilə bağlı spekulyasiyalar da artır.

“The Guardian” yazır ki, Rusiyanın Ukrayna sərhədinə topladığı hərbi güc “fırıldaq” və ya rus xalqı üçün hazırlanmış “siyasi oyun” ola bilər.

Rusiya niyə Ukraynanı işğalla hədələyir?

Rusiyadan gələn hər rəsmi açıqlamada Ukraynanın işğal olunacağı ilə bağlı iddialar təkzib olunur. Putin ötən həftə Fransa prezidenti Emmanuel Makronla görüşündə və ABŞ prezidenti Co Baydenlə telefon danışığında da bu iddiaları təkzib edib.

Amma buna baxmayaraq, iki problem var. Birincisi, əksər Qərb hökumətləri bu təkziblərə inanmır.

İkincisi, o, Putinin niyyəti “sülh yönündə” olsa belə, Rusiya silahlı qüvvələrinin yarıdan çoxunun, o cümlədən 130 min əsgərin Ukrayna sərhədində niyə cəmləşdiyini izah etməyib.

Putinin məqsədləri nələrdir? Bununla bağlı çoxlu nəzəriyyələr var. Putinin Şərqi Avropada, əsasən Estoniya, Latviya, Litva, Belarusiya, Gürcüstan və Ukrayna kimi keçmiş sovet respublikalarında Rusiyanın təsir dairəsini bərpa etməyə çalışdığı deyilir.

Sovet İttifaqı dağılandan sonra Putin tez-tez öz “itkiləri”ndən gileylənirdi. Rusiya lideri, eyni zamanda, Qərbə (və ruslara) əksər müqayisələrə görə (nüvə silahı ehtiyatları və coğrafiya) ölkənin uğursuz orta güc olmasına baxmayaraq, hələ də super güc olduğunu göstərməyə ümid edir.

Bəs niyə Ukrayna?

Putin Rusiyanın cənub-qərb cinahında yerləşən strateji əhəmiyyətli Ukraynanın getdikcə daha çox Qərblə birləşməsindən narahatdır. Ukraynanın NATO ilə artan yaxınlığının əleyhinə olan Putin Kiyevin Avropa İttifaqı (Aİ) ilə əlaqələrini inkişaf etdirməsinə də qarşıdır.

Ən pisi isə onun nöqteyi-nəzərindən Ukrayna öz liderlərini sərbəst seçən, ifadə və media azadlığından istifadə edən demokratik ölkədir. Praktikada ruslar belə azadlıqlardan istifadə etmirlər və Putin bu məsələdə qonşularını nümunə götürsə, hakimiyyətdə çox qala bilməyəcək. Daha geniş desək, Putin Ukraynanı Rusiyanın ayrılmaz hissəsi, Ukraynanın itirilməsini isə Rusiyanın soyuq müharibədə məğlubiyyətinin simvolu kimi görür.

Putin, xüsusilə Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) keçən il Əfqanıstanda alçaldılmasından sonra Qərbin zəiflədiyini düşünür. O, həmçinin hesab edir ki, yeni müharibələrə girmək əvəzinə, müharibələrə son qoymaq istəyən ABŞ prezidenti Co Bayden öz xarici siyasətini və hərbi resurslarını Avropaya deyil, Çinə yönəldir.

Putin həm də daxili dəstəyini gücləndirmək, anti-Qərb siyasətinə haqq qazandırmaq və rejimin geniş yayılmış korrupsiyası və 2014-cü ildə Ukraynaya ilk hücumundan sonra Qərbin tətbiq etdiyi sanksiyalar nəticəsində rusların çəkdiyi çətinliklərə haqq qazandırmaq üçün böyük qələbə istəyir.

Putinin tələbləri nədən ibarətdir?

Putin böhranı sakitləşdirməyincə, o, Qərbdən Ukraynanın (yaxud Gürcüstan və Moldovanın) həmişəlik NATO-ya qəbul edilməyəcəyi ilə bağlı öhdəlik istəyir. O, həmçinin NATO-nun ləğv edilmiş Varşava Müqaviləsi Təşkilatının keçmiş üzvləri olan Polşa, Rumıniya və Bolqarıstan kimi ölkələrdən çıxmasını tələb edir.

Bundan əlavə, Putin Kiyevin Donbass regionu üçün muxtar statusunu qəbul etməsini və Krımla bağlı iddiasından (Minsk razılaşmalarının bir hissəsi kimi) imtina etməsini istəyir.

O, həmçinin, ABŞ-ın Şərqi və Cənubi Avropada yeni orta mənzilli raketlərinin yerləşdirilməsini məhdudlaşdırmaq və ya dayandırmaq məqsədi daşıyır.

Daha iddialı məqsədlərə gəlincə, Putin Avropanın “təhlükəsizlik arxitekturasını” yenidən dizayn etmək, Rusiyanın təsirini gücləndirmək və geosiyasi imkanlarını genişləndirmək istəyir. Bu tələblərin əksəriyyətinə ABŞ-ın cavabı “Xeyr” olub. Ona görə də indiki böhran alovlanmaqdadır...

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVApia.az