Ədliyyə Nazirliyi Qubad İbadoğlunun partiyasının qeydiyyatı barədə müraciətinə məhəl qoymur

Azərbaycan Demokratiya və Rifah Partiyası dövlət qeydiyyatı ilə bağlı müraciətinə Ədliyyə Nazirliyindən cavab almayıb, halbuki, sənədləri nazirliyə təqdim etməsindən üç ay keçir. Bunu partiyanın rəhbəri Qubad İbadoğlu bildirib.

Onun sözlərinə görə, partiyanın 1500 imza ilə təsis sənədləri 11 noyabr 2021-ci ildə Ədliyyə Nazirliyinə təqdim olunub.

Siyasi partiyalar haqqında qanuna uyğun olaraq, qeydiyyat haqqında müraciətə 40 gün ərzində baxılmalı və qərar qəbul edilməlidir.

“Bütün müddətlərin bitməsinə baxmayaraq, Ədliyyə Nazirliyi cavab vermir, halbuki, qanuna görə, qeydiyyat haqqında şəhadətnamə verilməlidir”, – İbadoğlu bildirib.

Müəyyən edilmiş müddətdə qeydiyyatdan imtina ilə bağlı cavab olmadıqda partiya qeydiyyata alınmış sayılır.

*Azərbaycan Demokratiya və Rifah Partiyasının təsis qurultayı 7 oktyabr 2021-ci ildə keçirilib. Partiya 2015-ci ilin fevralında yaradılmış eyniadlı hərəkatın bazasında yaradılıb. (Turan)

pia.az