Avropa Rusiya qazı olmadan da yaşaya bilər: Test uğurla başa çatdı

İki gün əvvəl Almaniyanın yeni kansleri Olaf Şolz ABŞ-a səfəri çərçivəsində Prezident Co Baydenlə görüşüb.

Görüşdə müzakirə edilən əsas məsələlərdən biri də Ukrayna böhranı olub. Merkel hökumətindən fərqli olaraq Almaniyanın yeni kansleri Ukrayna məsələsində ABŞ-a daha yaxın mövqe sərgiləyib.Bildirilir ki, ABŞ prezidenti Co Bayden Olaf Şolzla görüşdən sonra keçirdiyi mətbuat konfransında növbəti dəfə “Şimal axını 2”nin taleyinin Rusiyanın Ukraynanı “işğal edib etməməsi” ilə əlaqələndirib. Onun fikrincə, müharibə baş verərsə, qaz kəmərinin işə salınması ümumiyyətlə qadağan olunacaq. Bayden həmçinin rus qazı kəsiləcəyi təqdirdə enerjisiz qalacağından çəkinən Avropanı da sakitləşdirməyə çalışıb: “Rusiyadan qaz nəqli dayanarsa, ABŞ Avropa ölkələrinin yanacağa tələbatının əhəmiyyətli hissəsini qarşılamağa hazırdır. Biz Rusiyadan (Avropaya) təbii qaz nəqlinin (ixrac həcmi) imkanlarını öyrənirik. Biz inanırıq ki, (Avropada qaz tələbatının) əhəmiyyətli bir hissəsini ödəyə bilərik”, - deyə Bayden bildirib. Onun sözlərinə görə, ABŞ administrasiyası bunun necə həyata keçirilə biləcəyini araşdırır və xarici tərəfdaşlarla danışıqlar aparır.

Bayden hesab edir ki, hadisələrin bu cür inkişafı halında ciddi itkilərə məruz qalacaq yeganə ölkə Rusiya olacaq. “Rusiya bilir ki, bu, onun büdcəsinin əhəmiyyətli hissəsidir. Əslində, bu (ixrac) dayanarsa, onlar üçün ağır zərbə olacaq”, - deyən ABŞ prezidenti əlavə edib: “Onların ixrac etməyə məcbur olduğu yeganə məhsulun karbohidrogenlər olduğu bəllidir”.Bir çox rus ekspertlər bu perspektivə inanmasalar da, ilin ən soyuq mövsümü sayılan yanvar ayında Avropanın rus qazından asılı olmadan yaşamaq ehtimalını artıq test etdiyi bildirilir. Məlumata görə, yanvar ayında “qoca qitə” xaricdən rekord həcmdə - 11,46 milyon ton miqdarında LNG (dondurulmuş qaz) alıb. Bu isə Rusiyadan idxal olunan qaz miqdarında aylıq ortalamaya yaxınlaşmaq deməkdir. Belə ki, Rusiya Avropaya bir ildə 200 milyard kub metr qaz ixrac edir. Bu isə ayda 16.3 milyard kubmetr qaz anlamına gəlir. 16.3 milyard kub metri ağırlıq miqdarına çevirsən, 12.4 milyon tona bərabər olar. Belə çıxır ki, Avropa qaz anbarlarının aylıq tutum gücünü 1 milyon ton da artırsa, rahatlıqla Rusiyadan qaz almaqdan imtina edə bilər. Üstəlik, Avropanın alternativ layihələrdən də daha artıq qaz almaq potensialı var. Məsələn, Azərbaycan Avropaya qaz nəqlini xeyli artırmaq niyyətindədir. Bundan əlavə Şimali Afrikadan İberiya yarımadası ölkələrinə ciddi miqdarda qaz transferi üzərində çalışmalar var. Eyni zamanda İsveçdən Şimali Avropaya ildə 10 milyard kub metr qaz nəql edəcək kəmərlər artıq hazır vəziyyətdədir. Şərqi Aralıq dənizində yeni kəşf edilmiş quyulardan Türkiyə üzərindən Şərqi Avropaya da qaz nəqli layihəsi üzərində ciddi danışıqlar gedir. Görünən budur ki, qısa müddətdən sonra Avropa rahatlıqla rus qazına möhtac olmadan öz enerji təhlükəsizliyini təmin edə bilər və ABŞ prezidenti məhz bu faktorları nəzərə alıb Qərb müttəfiqlərinə vədlər verir.

Maraqlıdır ki, ABŞ prezidenti ilə Almaniya kansleri Vaşinqtonda görüşdüyü sıralarda Ukraynaya səfər edən Almaniya Xarici İşlər naziri Annalena Baerbok da jurnalistlərə verdiyi açıqlamasında ölkəsinin Rusiyaya qarşı iqtisadi savaşa hazır olduğunu vurğulayıb. “Biz hər hansı yeni gərginliyin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik. Hazırda Avropada sülhdən daha çox təhdid altında olan heç nə yoxdur. Bu təhlükəli vəziyyətdə bizim ən böyük gücümüz birliyimizdir", - deyən alman nazir Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə “ağır sanksiyalarla” üzləşəcəyini vurğulayıb. O, böyük iqtisadi bədəllər bahasında olsa da, Rusiyaya qarşı sanksiyalara əl atmaqdan çəkinməyəcəyini bildirib.(ovqat.com)

pia.az