Azərbaycana yük gətirən TIR-lar 30 kilometrlik tıxacda gözləyir

Türkiyədən Azərbaycana və Orta Asiya respublikalarına yük daşıyan TIR-lar Gürcüstanla sərhəddəki Sarp sərhəd-keçid məntəqəsinin qarşısında uzunluğu 30 kilometrə çatan tıxacda qalıb.

virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, buna səbəb gürcü tərəfinin sərhəd-keçid məntəqəsindəki kassaların sayını 6-dan 3-ə endirməsidir. Bu, sərhəd-gömrük məntəqəsinin “qış rejimində” işləməsi ilə izah edilir. Nəticədə TIR-lar Qara dəniz Sahil Yolu boyu növbəyə düzülüblər və gün ərzində cəmi bir neçə yüz metr irəli gedə bilirlər.

##galery##

Bakıya gəlmək üçün 15 saatdır gözlədiyini deyən TIR sürücüsü Melih Yeşilal bildirir ki, bu müddət ərzində cəmi 500 metr irəliləyə bilib. “Bu gedişlə sərhəd-keçid məntəqəsinə 3 günə ancaq çata bilərəm. Burada növbələr əvvəl də olurdu, amma indi daha da uzanıb”, - sürücü deyir.

İstanbuldan Azərbaycana yük gətirən digər sürücü Mustafa Kemal Sancak da ötən gündən bu yana cəmi 500 metr irəlilədiyini bildirir. “Sərhəd qapısı işləmir, qarşıda sərhəd-keçid məntəqəsinə çatmaq üçün 30 kilometr yol var. Bizim buradan keçməyimiz günlər çəkəcək”, - o deyib.

pia.az