Azərbaycan Yaşar Doğu turnirində 26 güləşçi ilə təmsil olunacaq

Fevralın 24-də Türkiyənin İstanbul şəhərində start götürəcək Yaşar Doğu turnirində iştirak edəcək Azərbaycan güləşçilərinin adları bəlli olub.

"Report"un Dünya Güləş Birliyinin rəsmi saytına istinadən məlumatına görə, ənənəvi yarışda ölkəni ümumilikdə 26 pəhləvan təmsil edəcək.

Sərbəst güləşdə baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında İslam Bazarqanov (61 kq), Əli Rəhimzadə, Əhmədnəbi Qvarzatilov (hər ikisi 65 kq), Gitinoməhəmməd Hacıyev (70 kq), Soslan Tigiyev (74 kq), Hacımurad Ömərov (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Şamil Zubairov (97 kq) qüvvəsini sınayacaq.

Turnirdə baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında 14 yunan-Roma güləşçisi mübarizə aparacaq. Yığmada İbrahim Nurullayev (55 kq), Eldəniz Əzizli (60 kq), Taleh Məmmədov, Murad Məmmədov (63 kq), Namaz Rüstəmov, Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Tuncay Vəzirzadə, Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Arif Niftullayev, Murad Lokyayev (hər ikisi 97 kq), və Beka Kandelaki (130 kq) yer alıblar.

Qadınların yarışında isə baş məşqçi əvəzi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Tatyana Varansova (53 kq), Alyona Kolesnik (59 kq) və Elis Manolova (65 kq) xalça üzərinə çıxacaq.

Qeyd edək ki, Yaşar Doğu turnirinə fevralın 27-də yekun vurulacaq.

pia.az