Bənzərsiz filmlər rejissoru Tofiq Tağızadənin doğum günüdür 

Bu gün görkəmli kino rejissoru, Azərbaycanın Xalq artisti Tofiq Tağızadənin doğum günüdür.

Tofiq Tağızadə 1919-ci il fevralın 7-də Bakıda doğulub.

1953-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətə başlayıb. Rus kino məktəbinin mütərəqqi ənənələrindən bəhrələnib. Filmlərində bu ənənələr aydın hiss olunsa da, Tofiq Tağızadə onlara milli ovqat qoşub və ona görə də hər bir əsərində xalqın ruhu duyulur. Cəmi 13 film çəkib, 14-cü filmi yarımçıq qalıb. Ötən əsrin 50-ci illərində çəkdiyi “Görüş”, “Uzaq sahillərdə”, “Əsl dost” filmləri milli kinomuza yeni nəfəs gətiriib.

O, “Dədə Qorqud” dastanının motivlərini kinoya gətirən ilk kinorejissordur. Bu filmin yarandığı vaxtdan 40 ilə yaxın bir dövr keçməsinə baxmayaraq, yenə də ona tamaşaçı marağı səngiməyib.

Quruluşçu rejissoru olduğu “Bağ mövsümü”, “Bəxt üzüyü”, “Mən ki gözəl deyildim”, “Uzaq sahillərdə”, “Yeddi oğul istərəm” və digər filmlər Azərbaycan kino sənətinin haqlı olaraq fəxri sayılır.

Qeyd edək ki, Tofiq Tağızadə dünya kinematoqrafiyasının mütərəqqi təcrübəsindən yaradıcı şəkildə bəhrələnərək nadir istedada malik rejissor kimi özünəməxsus dəst-xətti ilə Azərbaycan kino sənətinə mühüm yeniliklər gətirib və mədəniyyət tariximizdə dərin iz qoyub.

Görkəmli sənətkar 1998-ci il avqustun 28-də Bakıda vəfat edib.(oxu.az)

pia.az