Qax Mərkəzi Xəstəxanasından anti-peyvənd təşviqatı...

"Qax Rayon Mərkəzi Xəstəxanasında özbaşınalıq davam edir. Ən ali səviyyədə belə vətəndaşlara peyvəndlənmə ilə bağlı çağırış olunduğu bir vaxtda, Qax Rayon Mərkəzi Xəstəxanası bunun əksini edir. Sakinlərin peyvəndlərə əlçatanlığını məhdudlaşdırır. Belə ki, bəzi kəndlərdə tibb məntəqələri var və indiyədək həm həmin kəndin, həm də qonşu yaşayış məntəqələrinin sakinləri tibb məntəqələrində peyvənd vurdurublar. Hökumətin qərarına görə, hər kəs istədiyi yerdə vaksin vurdura bilər. Hətta peyvəndin 1-ci dozasını bir, 2-ci dozasını başqa tibb müəssisəsində vurdurmaq da mümkündür. Lakin, 1 aya yaxındır ki, məntəqələr yalnız öz kəndlərinin sakinlərini qəbul edirlər. Qonşu kəndlərdən gələnlərə isə deyilir ki, peyvənd üçün Qax Rayon Mərkəzi Xəstəxanasına getsinlər. Bu halda da sakinlər, 1-2 kilometr əvəzinə 50-60 km məsafə qət etməli olurlar. Nəticədə də həm vaxt itkisi, həm də xeyli maddi itki olur. Mərkəzi Xəstəxanada da sıxlıq əmələ gəlir. Xüsusən də həssas qrupdan olan yaşlılar peyvənd vurdurmadan geri qayıtmalı olurlar".

PİA.az-ın xəbərinə görə, bunu jurnalist İbrahim Kamiloğlu bildirib.

Onun sözlərinə görə, araşdırma nəticəsində məlum olub ki, bu qadağanı qoyan şəxs Qax MRX-nın əməkdaşı, rayon üzrə peyvəndləməyə nəzarət edən Məmmədova Sevinc Bədrəddin qızıdır: "O, kəndlərdəki tibb məntəqələrinin işçilərinə qonşu yaşayış məntəqələrindən gələnləri peyvənd etməmək barədə qəti tapşırıq verib. Hətta bunu edənlərin Qax MRX-nın Baş həkimi Tərlan Əhmədzadənin "yanına getməli olacağını" deyərək onları hədələyib. Son vaxtlarda özümün şahidi olduğum bəzi hadisələrdən bilirəm ki, TƏBİB bu cür məsələlərdə həssasdır. Araşdırmaq istəyən olsa, Sevinc Məmmədovanın peyvənd etməməklə bağlı göstəriş verməsi və məntəqə üzvlərini hədələməsi ilə bağlı səs yazısını da təqdim edə bilərəm".

TƏBİB-in İcatimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış isə bildirilib ki, məsələ araşdırılacaq.

pia.az