Yevgeni Mixaylov: “ABŞ-dakı anti-Rusiya lobbisti erməni maraqlarını təbliğ edir” 

Rusiyanın alovlu tənqidçilərindən biri, Rusiya Federasiyasına qarşı ən sərt sanksiyaların tərəfdarı, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendes (demokratların Nyu-Cersidən olan nümayəndəsi) həm də ermənilərin ABŞ-dakı lobbiçilərindən biridir.

Bu nüansa Oxu.Az-a müsahibəsində beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert, “Jurnalist araşdırması” “YouTube” kanalının aparıcısı Yevgeni Mixaylov diqqət çəkib.

Xatırladaq ki, ötən gün Robert Menendes Rusiyaya qarşı qabaqlayıcı sanksiyalar tətbiq etməyi təklif edib. Qanunverici təkliflərlə çıxış edən bu amerikalı Rusiya Federasiyasına qarşı “ana sanksiyaların tətbiqi” layihəsi üzərində işləyir.

O, həmçinin 2022-ci maliyyə ili üçün ölkənin müdafiə büdcəsi haqqında qanun layihəsinə düzəlişlər hazırlayıb.

“Anadolu” agentliyinin məlumatına görə, senatorun hazırladığı düzəlişlərdən biri Türkiyədə dronların inkişafı proqramının monitorinqini həyata keçirməkdir. Digər düzəliş isə Azərbaycana yardımı qadağan edən qanunvericilik məhdudiyyətinin tətbiqinə qoyulmuş moratoriumdan imtinanı nəzərdə tutur.

Robert Menendes hesab edir ki, ABŞ prezidenti Cozef Baydenin ötən il “erməni soyqırımı” ifadəsini işlətməsi onun xidmətinin nəticəsidir.

Yevgeni Mixaylovun sözlərinə görə, ABŞ-dakı ən alovlu anti-Rusiya lobbistinin paralel olaraq ABŞ-da erməni maraqlarını da təbliğ etməsini təsadüfi saymaq olmaz. Ola bilsin ki, bu, belə bir oyundur ki, Rusiya Ermənistanın yürütdüyü hazırkı siyasətə, bu ölkəyə, onun azərbaycanlılara qarşı savaşına daha loyal münasibət nümayiş etdirsin. Amma bu, gülməlidir. Rusiya Azərbaycanla olan dost münasibətini onu preventiv iqtisadi sanksiyalarla hədələyən (qeyd edək ki, bu sanksiyalar ABŞ dövlət katibi Entoni Blinken tərəfindən də rədd edilib) Robert Menendesin loyallığına dəyişməyəcək:

- Bəli, ümumiyyətlə Rusiya çoxdan sanksiyalar altındadır, biz buna öyrəşmişik. Bizə ABŞ-da istehsal olunan hansısa texnikanı satmağı qadağan edəcəklərsə, artıq uzun müddətdir ki, onu yüksək keyfiyyətlə istehsal edən Çindən alacağıq. Ermənistana qayıdaraq qeyd etmək istəyirəm ki, o, uzun müddətdir ki, müstəqil dövlət deyil. Erməni lobbisi bəli, nüfuzludur, amma onlar Ermənistan respublikasından qopublar.

Rusiyanın isə öz milli maraqları var. Azərbaycanla əla münasibətlərin davam etdirilməsi prioritet məsələlərdən biridir. Türkiyə ilə yaxşı münasibətlər isə Rusiyanın xeyrinədir. Moskva bunu çox gözəl başa düşür.

- Son vaxtlar tez-tez dərc edilən müxtəlif məqalələrdə Ermənistanın Rusiya Federasiyasına getdikcə daha çox loyal münasibət göstərməyə başladığı qeyd olunur. Düzdür, erməni mətbuatında və sosial şəbəkələrdə dərc olunan yazılarda bu, o qədər də nəzərə çarpmır...

- Mən deməzdim ki, Ermənistan rusiyayönlü olmağa başlayıb. Amma bu şəraitdə baş nazir Nikol Paşinyanın mövqeyi daha loyal olmağa başlayıb. Əgər Rusiya olmasa, o, Türkiyə və Azərbaycanla normal ünsiyyət qura bilməyəcək. İrəvan müstəqil deyil.

Ermənistanın özündə isə turbulentlik müşahidə edilir. Rusiyaya münasibəti yaxşı olan ölkə vətəndaşları, əsasən, Ermənistanı tərk edərək Rusiyaya köçüblər. Və bu proses müharibədən sonra 2020-ci ilin payızında sürətləndi. Qalanlar sadəcə olaraq köçmək imkanı olmayanlardır. Amma qisas arzusunda olan insanlar kateqoriyası da var.

pia.az