Rusiyanın “qaz çeşməsi” onu Avropadan qoruya bilərmi?

Putinin son aylarda verdiyi qərarla Avropaya nəql edilən qazın həcminin azalması nəticəsində qazın bir silah kimi istifadə oluna biləcəyi anlaşılır...

Abdullah Raddadi“Şarkul Avsat” qəzeti, 31 yanvar 2022-ci il

Rusiya ilə Ukrayna arasında siyasi böhranın kəskinləşməsi, hər iki tərəfdən sərhədə qoşun yeridilməsi və ABŞ-ın gələn ay Rusiyanın mümkün işğalı ilə bağlı xəbərdarlığı fonunda Moskvanın Ukraynanı işğal edəcəyinə indi hər zamankından daha çox ehtimal edilir. ABŞ və Avropa İttifaqı (Aİ) tərəfindən təmsil olunan Qərb Rusiyanı işğal etməyə cəhd edərsə, ona qarşı geniş sanksiyalar tətbiq etməklə hədələyib. Rusiyanın hər hansı cavab qərarından ABŞ o qədər də təsirlənməyə bilər. Bununla belə, Avropa ölkələrinin qaz istehlakının 40 faizini təşkil edən Rusiya qazına ehtiyac Aİ-ni asanlıqla zədələyə bilər. Yəni üzərində səlahiyyəti olmasına baxmayaraq, Aİ doğrudan da, sanksiyalar tətbiq edərək Moskvaya qarşı çıxa bilərmi?

Avropa ilə Rusiya arasında qaz tərəfdaşlığının mahiyyətini öyrənmək üçün 1960-cı illərin əvvəllərinə qayıtmaq lazımdır. Bu əlaqəni üç mərhələyə bölmək olar:

İlk olaraq, hər iki tərəf ABŞ mütəxəssislərinin dəstəyi ilə qazın uzun məsafələrə nəqli texnologiyalarının meydana çıxması ilə Sovet Sibir yataqlarından qazın Avropaya nəqlinə razılaşdı Bundan əvvəl Avropada, xüsusən İngiltərə və Hollandiyada kiçik yerli qaz şəbəkələri var idi. Sovet İttifaqının kommunist problemlərinə görə Sovet qazının Avropaya axmağa başlaması təxminən 10 il çəkdi. Avstriyanın yanacaqdoldurma məntəqəsinə qaz axını başlayandan az sonra, 1968-ci ildə Sovet dövləti Çexoslovakiyanı işğal etdiyi zaman Avropa bu mərhələdə susdu.

İkinci mərhələ 1970-ci illərdə Avropanın Rusiya qazının dadına baxdığı zaman başladı. Rusiyadan gələn qazın miqdarı çox idi, xüsusən də kəmər tikintisi işləri başa çatdıqda maya dəyəri aşağı idi və kömürdən fərqli olaraq ekoloji cəhətdən təmiz idi. Bu mərhələdə Avropa heç bir alternativ tapmağa cəhd etmədən Rusiya qazına çox bel bağlamağa başladı. Avropa yenə də Sovet İttifaqının siyasi münasibətinə qarşı çıxmadı. Çünki ABŞ-ın o vaxtkı prezidenti Ronald Reyqan 1981-ci ildə Polşaya müdaxilə etdiyi üçün Sovet İttifaqına iqtisadi sanksiyalar tətbiq edəndə Avropa oxşar sanksiyalar tətbiq etməmişdi. Avropa ölkələrinin dəstəyi ilə ruslar ABŞ-a alternativ olan qaz ötürmə texnologiyalarını inkişaf etdirdilər. Avropa ölkələri ruslara bu inkişafa töhfə verən texnologiyalar satdı.

Üçüncü mərhələ 1990-cı ildə Sovet İttifaqının dağılmasından bu günə qədər olan prosesi əhatə edir. Bu mərhələ Sovet İttifaqının dağılması, Yuqoslaviya kimi ölkələrin parçalanması, 2000-ci ildə prezident Putin vəzifəyə gəldikdən sonra bərpa olunmağa başlayan Rusiyanın mövqeyinin zəifləməsi və rusların yenidən etibar qazanması da daxil olmaqla, böyük siyasi təlatümlərə səhnə oldu. Bu mərhələdə Rusiya Gürcüstan və Suriyaya siyasi müdaxilə etdi və Krımı işğal etdi. Lakin bütün bunlar baş verərkən Rusiya qazının Avropaya axını davam edirdi. Avropa Rusiyaya qarşı sanksiyalar tətbiq edəndə və Moskva oxşar sanksiyalarla cavab verdikdə belə qaz axını davam etdi. O, yalnız hərbi təchizat, bəzi mülki texnologiyalar və kənd təsərrüfatı məhsulları ilə məhdudlaşırdı. Doğrudur, Rusiya ilə Almaniya kimi ölkələr arasında ticarət mübadilələri çox təsirləndi, Rusiya Almaniyanın ən mühüm ticarət tərəfdaşlarından bir olduğu halda, 14-cü yerə düşdü. Lakin bu zaman da qaza toxunulmurdu.

Bunlar tarixin üç mərhələsidir. Sovet İttifaqı və ya Rusiyanın Avropa təfəkkürü ilə ziddiyyət təşkil edən hərbi mövqeyi olsa belə, qaz mübahisəsiz və siyasi fikir ayrılıqlarından üstün bir məsələ kimi görünürdü. Ona görə də, iki tərəf arasında qaz sektorunda ortaqlığa qətiyyən toxunulmayıb. Ancaq son aylarda hər iki tərəfdən gələn təhdidlər və xüsusilə, Putinin son aylarda verdiyi qərarla Avropaya nəql edilən qazın həcminin azalması ilə bu münaqişələrdə qazın silah kimi istifadə oluna biləcəyi anlaşılır.

Avropa Əlcəzair (istehlakının 8%-ni təşkil edir) və Qətər (istehlakının 5%-ni təşkil edir) kimi ölkələrdən qaz idxal etsə də, Rusiya qazı Baltikyanı ölkələr və Bolqarıstan kimi bütün ölkələrin istehlakını təmin edir. Görünən odur ki, bu ölkələrin alternativləri artmır. Çünki Asiyada qaz hasilatı Asiya ölkələri ilə uzunmüddətli müqavilələrə əsaslanır. Qlobal qaz tələbatının təxminən 3/4-nü Asiyanın özü təmin edir. Bu, o deməkdir ki, torpağındakı qaz ona güclə çatır. Yaxın Şərqdə qaz istehlakı hər il 4,6% artır. Bu da o deməkdir ki, ixrac üçün istifadə oluna biləcək qaz getdikcə azalır. Vaşinqton ABŞ-ın keçmiş prezidenti Donald Tramp dövründə özünü Rusiya qazına mövcud alternativ kimi satmağa çalışdı və Tramp 2019-cu ildə Avropaya qaz ixracını artırmağa razılaşdı. Keçən həftə həm Avropa, həm də ABŞ Avropada qaz üçün alternativlər tapmağa söz verdi. Fransa nüvə enerjisini alternativ olaraq bazara çıxardı.

Rusiya Avropa ilə münasibətlərdə üstün tərəfdir. Avropanın Rusiyaya ehtiyacı var, nəinki Rusiyanın Avropaya. Mütəxəssislər illərdir Avropanı tamamilə Rusiya qazına arxalanmamaq barədə xəbərdar etməyə çalışdılar. Lakin rus qazının ucuz olduğu üçün enerji sahəsini genişləndirmək cəhdləri iqtisadi cəhətdən çox da faydalı olmadı. Ruslarla münasibətləri gücləndirərək siyasi həll yolları tapmaq daha faydalı oldu. Hazırda Avropanın, xüsusilə qarşıdakı 10 il ərzində qazdan olan asılılığını artıracağını və kömürdən asılılığını azaldığını elan etməsi ilə Rusiyaya duyduğu ehtiyac ortadadır. Avropanın Rusiya ilə siyasi cəhətdən düşmən olması mümkün görünmür. Rusiyadan gələn qaz axınının kəsilməsi ehtimalı olmasa belə, miqdarın azaldılması Avropada keçən aylarda baş verən enerji böhranından daha böyük problemlərə yol aça bilər.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVApia.az