Rusiya niyə Ukraynanın NATO-ya daxil olmasına mane olmaq istəyir?

Bundan sonra nə olacağını tam olaraq bilən yeganə şəxs Putindir...

Joe Sommerlad“The Independent” qəzeti, 1 fevral 2022-ci il

Rusiya-Ukrayna sərhədində gərginlik davam edərkən, Moskvanın bölgəyə yerləşdirdiyi əsgərlərin sayının 106 minə çatdığı təxmin edilir.

Rusiya prezidenti Vladimir Putin qonşu dövlətə müdaxilə etmək fikrində olmadığını bildirsə də, Qərbdən bir sıra tələblər irəli sürüb. Bu tələblərə şərqdəki keçmiş sovet dövlətlərinə NATO üzvlüyünün genişlənməsinə son qoyulması, ABŞ və NATO-nun Rusiyanın qapısında hərbi fəaliyyətlərinin azaldılması daxildir. NATO artıq Şərqi Avropada yerləşdirilənlərə əlavə gəmi və döyüş təyyarələri göndərəcəyini, ABŞ və İngiltərə isə diplomatlarının ailələrini Ukraynadan çıxaracağını bildirib.

Moskva qonşu Belarusa hərbi təlimlər üçün qoşun və təchizat göndərib və KİV-in məlumatına görə, Vaşinqton minlərlə ABŞ əsgərini Baltikyanı və Şərqi Avropadakı NATO müttəfiqlərinə göndərmək barədə düşünür.

Bu arada Putinə amerikalı həmkarı Co Bayden xəbərdarlıq edib ki, Ukrayna sərhədini keçməyi belə düşünməsin. Bayden keçən həftə: “Mən bunu prezident Putinə çox açıq şəkildə bildirdim”, deyə qeyd edib.

“Səhv başa düşüləcək bir şey yoxdur. Bölgədəki Rusiya hərbi kontingenti Ukrayna sərhədini keçərsə, bu, işğaldır. Şübhə yoxdur ki, Putin işğalı seçsə, Rusiya bunun əvəzini çox ağır ödəyəcək”.

Qalmaqallarla əlləşən Böyük Britaniyanın baş naziri Boris Conson eyni şəkildə Kremlin qonşusuna qarşı hər hansı addımının “yalnız Rusiya üçün deyil, bütün dünya üçün faciəvi olacağı” barədə xəbərdarlıq edib və “İngiltərə birbaşa Ukraynanın suverenliyi və bütövlüyünün arxasında dayanır”, deyə əlavə edib.

Digər tərəfdən, Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski və Berlində NATO liderləri ilə görüşdükdən sonra ABŞ dövlət katibi Entoni Blinken ötən həftə Cenevrədə rusiyalı həmkarı Sergey Lavrovla görüşüb, vəziyyətlə bağlı mümkün qədər tez məsləhətləşmələr aparıb.

Blinken Soyuq Müharibə gərginliyinin yenidən alovlanması və “təhlükəli və qeyri-sabit dövrlərə” qayıtmaq barədə xəbərdarlıq edərkən, Lavrovun müavini Sergey Riabkov Moskvada sərt adam rolunu üzərinə götürərək deyib: “Biz heç kimdən, hətta ABŞ-dan da qorxmuruq”.

Danışıqlar başa çatdıqdan sonra Blinken xəbərdarlıq edib ki, Rusiya Ukraynaya hücum edərsə, ABŞ və müttəfiqləri tez, sərt və birgə cavab verəcəklər. Diplomatik münasibətlər üzrə ekspert Ceyms Qoldgeyerin fikrincə, Ukraynanın NATO-ya üzv olmaması məsələsi Putin üçün çoxdan vəsvəsə olub. Sovet İttifaqının dağılması ilə gələn Boris Yeltsin dövrünü, yəni 1990-cı illəri Vladimir Putin Bill Klintonun ABŞ-nın Avropaya (1999-cu ildə Kosovo da daxil olmaqla) öz vizyonunu tətbiq edərkən, rusların dayanıb izləməkdən başqa heç nə edə bilməyəcəyi “10 illik aşağılama” dövrü kimi xatırlayır.

Yeltsin 1993-cü ilin sentyabrında Klintona oxşar narahatlıqlarını ifadə edərək yazırdı:

“Təbii ki, biz başa düşürük ki, Şərqi Avropa ölkələri NATO-ya daxil olarsa, alyans avtomatik olaraq anti-Rusiyaya çevrilməyəcək, lakin burada ictimaiyyətin bu hərəkətə necə reaksiya verəcəyini nəzərə almalıyıq”.

Bu narahatlıqları aradan qaldırmaq üçün 1997-ci ildə NATO-Rusiya Təsis Aktı imzalandı. Bu, açıq şəkildə “NATO və Rusiya bir-birini düşmən kimi görmür” deyən bir siyasi razılaşma idi. Bunun ardınca da 2002-ci ildə NATO-Rusiya Şurası yaradıldı.

Lakin Putinin alyansın tədricən şərqə doğru genişlənməsi kimi gördüyü bu hadisələr 1999-cu ildə keçmiş sovet peykləri olan Çexiya, Macarıstan və Polşanın, ardınca 2004-cü ildə Bolqarıstan, Estoniya, Latviya, Litva, Rumıniya, Slovakiya, Sloveniya və digər ölkələrin qoşulması ilə ifrat həddə çatdı.

Görünür, Putin bu xalqların ittifaqını ABŞ-ın o zamankı dövlət katibi Ceyms Beykerin 1990-cı ilin fevralında Moskvaya səfəri zamanı Berlin divarının yıxılmasından sonra Almaniyanın birləşməsi məsələsini müzakirə etmək üçün Mixail Qorbaçova verdiyi vədinin yerinə yetirilməməsi kimi qəbul edib.

Rusiya rəsmilərinin dediyinə görə, Beyker Qorbaçova söz vermişdi ki: “NATO qüvvələrinin NATO ilə bağlı səlahiyyətləri şərqdə bir santimetr belə genişləndirməyəcək”. Lakin bu, olduqca mübahisəli bir açıqlamadır və 2014-cü ilin oktyabrında “Kommersant”a müsahibəsində Qorbaçov onların, hətta bu məsələni müzakirə etdiklərini də təkzib edib.

Hər halda, Putin o vaxtdan kin bəslədi, ölkədə anti-Qərb əhval-ruhiyyəsini gücləndirməyə və öz bazasını möhkəmləndirməyə can atdı və həm Gürcüstanın, həm də Ukraynanın alyansa qoşulmasına qəti şəkildə qarşı çıxdı.

Putin 2007-ci ildə Münhen Təhlükəsizlik Konfransında deyib: “Aydındır ki, NATO-nun genişlənməsinin təşkilatın modernləşdirilməsi və ya Avropada təhlükəsizliyin qorunması ilə heç bir əlaqəsi yoxdur”.

“Əksinə, bu genişlənmə qarşılıqlı inam səviyyəsini aşağı salan ciddi təxribatdır”.

Aprel ayında Buxarestdə keçiriləcək NATO sammitində iştirak edərkən bu tonu daha da sərt idi: “Heç bir Rusiya lideri Ukraynanın NATO-ya üzvlüyü istiqamətində atılan addımlara qarşı bir şey etmədən dayana bilməz. Çünki bu, Rusiyaya qarşı düşmən bir addım olardı”.

Putin 4 ay sonra Gürcüstanı işğal edərək, ölkənin silahlı qüvvələrini darmadağın etməklə iki muxtar rayonu ələ keçirərkən, NATO-ya üzvlük üçün açıq siqnallar verən prezident Mixail Saakaşvilini lağa qoydu və bu hərəkətləri ilə yeni beynəlxalq qınaq hədəfinə çevrildi.

NATO-nun rəsmi mövqeyində deyilir ki, “demokratiya və qanunun aliliyinə möhkəm sadiq olan suveren, müstəqil və sabit Ukrayna avro-Atlantik təhlükəsizliyinin açarıdır”.

Təşkilat hesab edir ki, onun ölkə ilə münasibətləri SSRİ-nin dağıldığı günlərə gedib çıxır və 2014-cü ildə Rusiyanın Krım yarımadasını ilhaq etdiyi regional hücumda putinyönlü lider Viktor Yanukoviçin hakim olduğu və sonrakı illərdə 14 min insanın ölümünə səbəb olan separatçı üsyandan sonra əməkdaşlığın artırılması çox vacibdir.

ABŞ üçün Ukraynanın NATO-ya üzvlük yolu o qədər də aydın deyil.

Blinken 8 iyun 2021-ci il tarixində Senatın Xarici Əlaqələr Komitəsində Ukraynanın NATO üzvlüyünü dəstəklədiyini söyləyib, lakin çərşənbə günü müavini Vendi Şerman məsələyə toxunan zaman daha ehtiyatlı davranıb:

“Birləşmiş Ştatlar və onun NATO müttəfiqləri hər zaman NATO alyansının mərkəzində olan açıq qapı siyasətindən əl çəkməyəcəklərini açıq şəkildə bildirdilər”.

Keçmiş yüksək səviyyəli Demokrat və daha sonra həmin komitənin sədri olan Bayden isə hesab edir ki, keçmiş sovet respublikalarını NATO müttəfiqinə çevirmək “yeni 50 illik sülh prosesinin başlanğıcı” deməkdir, lakin zaman keçdikcə o, ABŞ-ın hərbi əməliyyatlarda iştirak etməsinə şübhə ilə yanaşır. Nəticədə, sülhü qorumaq üçün 20 illik işğaldan sonra keçən ilin yayında Əfqanıstandan tələsik geri çəkilməli oldu.

Bayden Ukraynada siyasi və məhkəmə korrupsiyasının kökünün kəsildiyini görmək əzmi və rus ayısını daha da təhrik etmək istəməməsi ilə tanınır. Ömrünün çox hissəsini qarşılıqlı dağıntı dövründə keçirən Bayden, xüsusilə Çinin yaratdığı təhlükəsizlik təhdidini nəzərə alır və bunu gö ardı edilə bilməyən cari öncəlik kimi görür.

Ukrayna alyansın bir hissəsi olmadığı üçün əgər Rusiya oraya hücum edərsə, nə ABŞ, nə də NATO ölkəyə kömək etmək üçün hər hansı müqavilə öhdəliyi olmayacaq. Lakin bu cür təhlükəsizlik vədləri 2004-cü ildə Estoniya, Latviya və Litva kimi Baltikyanı dövlətlər üçün genişləndirilmişdi.

Əgər hazırkı hücumlar heç bir şəkildə qarşılanmasa və Putinin cəsarətlənməsinə icazə verilsə, hər üç ölkə tezliklə Rusiyanın gələcək ilhaqları üçün potensial hədəfə çevrilə bilər.

Bununla belə, hərbi güc nümayiş etdirmə ritorikasını nəzərə alaraq, Bayden açıq şəkildə bildirir ki, o, bu və ya digər şəkildə müdaxilə etməyə hazırdır.

Çərşənbə günü Birləşmiş Ştatlar Ukraynaya 200 milyon dollarlıq müdafiə hərbi yardımı göndərib (2014-cü ildən bu yana cəmi 2,5 milyard dollar), Pentaqon isə artıq Milli Qvardiyanın 200 əsgərini yerləşdirdiyini bildirir.

Bunun ardınca sərt iqtisadi sanksiyalar və diplomatik təcrid ola bilər.

Əgər ABŞ müdafiə resurslarını birbaşa göndərmək istəsə, Ukraynaya hava hücumundan tutmuş tank əleyhinə və gəmi əleyhinə sistemlərə, elektron müharibə, artilleriya sursatları və kibermüdafiə sistemlərindən tutmuş atıcı silahlara qədər bir çox müxtəlif yardımlar təmin edə biləcək vəziyyətdədir.

Keçən həftə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi üçün yazdıqları təhlildə Set Cons və Philip Vasielevski: “Rusiyanın həvəsini boğmağın açarı Moskvanın tez qələbə qazanmasının qarşısını almaq, iqtisadi sanksiyalar tətbiq etmək və Qərbin siyasi təcrid yolu ilə siyasi və hərbi xərcləri artırmaq və uzunmüddətli üsyan ehtimalını artıraraq Rusiya ordusunu ruhdan salmaqdır”, deyə qeyd edir.

Ancaq bundan sonra nə olacağını tam olaraq bilən yeganə şəxs Putindir.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVApia.az