Tural Abbaslı: "Kamal Cəfərova irad tutacaqlar ki, “papadan artıq katolik olmaq” lazım deyil..."

"Millət vəkili Kamal Cəfərov yaxşı uşaqdır, amma siyasətdə çox cavandır. Görünür, rəhbərliyin xoşuna gəlmək istəyir. İnanmıram ki, Yeni Azərbaycan Partiyasınının (YAP) rəhbərliyindən kimsə ona Rəsulzadənin ətrafındakıları təbliğ etmək tapşırığını versin. Yəqin, Kamal Cəfərovun əlinə təsadüfən hardansa Firudin bəy Köçərli barədə məqalə keçib, ya da Avropa Şurasına "Azərbaycanda korrupsiya yoxdur" deməyə getdiyi səfərlərdə stolüstü jurnallardan bu barədə məqalə oxuyub, indi də ondan danışır. Bundan sonra da camaatı ittiham edir ki, Firudin bəyi niyə xatırlamırsız?!"

Bunu Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

Partiya sədri əmindir ki, həmin çıxışına görə YAP-da Kamal Cəfərova irad tutacaqlar ki, “papadan artıq katolik olmaq" lazım deyil: "Kamal Cəfərov siyasətdə naşıdır, təcrübəsi xeyli azdır. Yəqin, kiminsə yanında perspektivli gənc kimi siyahıya düşüb və siyahı vasitəsilə də ona heç bir aiddiyyatı olmayan Sabirabaddan deputat seçilib. Ona elə gəlir ki, hər şey barədə danışa və hamının adını çəkə bilər. Məhəmmədəmin Rəsulzadə və onun komandasının qədrini bütün xalq bilir. Onların qədrini bilməyən məhz Kamal kimi "gənc perspektivlərdir". Əslində, burada məqsəd Rəsulzadə komandasını ucaltmaq deyil, Rəsulzadəni onlarla bir statusa gətirməyə çalışmaqdır. Guya Rəsulzadə də onlardan biri olub. Həmçinin unutmaq olmaz ki, bu ritorika, belə danışıq tərzi Siyavuş müəllimlə arxivə gedib. Kamal Cəfərov əgər Siyavuş Novruzov olmaq istəyirsə, işə çox uğursuz başlayıb. Mən Kamal bəyə sual vermək istəyirəm: YAP-ı yaradanlardan Heydər Əliyevdən başqa neçəsinin adını bilir? "91-lər" adlandırılan həmin heyətdən kimləri tanıyır? Məsələn, Siruz Təbrizi, Murtuz Ələsgərov, Hacıbala Abutalıbov, Fərəməz Maqsudov və s. digərlərinin doğum gününü bilir və qeyd edirmi?! Axı onun ideologiyasının partiyasını yaradanlardır... Ümumiyyətlə, görəsən, Kamal Cəfərov YAP tarixindən xəbərdardırmı?! Doğrudan da, heç kimə lazım olmayan, gündəmə gəlmək xatirinə edilən çıxışlar ikrah hissi doğurur. Bizim çıxışlarımız isə Kamal Cəfərov kimi YAP-ın siyahısı ilə parlamentdə oturmağa haqqı olmayanlara hesablanmayıb. Çıxışlarımız sadə Azərbaycan vətəndaşları üçündür və onlardan da lazımi əks-sədanı alırıq. Kamal Cəfərovda rəğbət hissi oyatmaq fikrimiz yoxdur. Danışır da, nə deyək?! Yəqin, parlamentdəki təmsilçiliyinin haqqını verməyə çalışır, amma qaş düzəltdiyi yerdə, əksinə göz çıxardıb. Əminəm ki, düşərgəsinin ağsaqqalları onu otağına çağırıb tərbiyəvi-əhəmiyyətli söhbət edəcəklər".

pia.az