Rəsulzadə ilə bağlı veriliş yayımlanmadı, layihə rəhbəri AzTV-dən getdi və Rövşən Məmmədovun “ayıb” açıqlaması...

"AzTV -də yayımlanan “Yüz İlin Sirləri” proqramının layihə rəhbəri və Rəsulzadə ilə bağlı sənədli filmi hazırlayan biri kimi ümumi bir açıqlama vermək istədim".

Bunu "Yüz ilin sirləri" verilişinin layihə rəhbəri Fəxrəddin Həsənzadə sosial şəbəkə hesabında yazıb. O bildirib ki, kanal rəhbərliyinə və hər kəsə əsaslı veriləcək cavabı, dəlilləri var:

"Amma dostlarım bilir mən belə məqamdan şou düzəltməyi yox, susmağı üstün bilirəm. Bu gündən etibarən AzTV ilə yollarımı ayırmaq qərarı verirəm. Məni tanıyan hər kəs siyasi mövqeyimi də bilir. Mənim sadəcə bir məqsədim var idi. O da dünya tarixində iz qoyan Azərbaycanlıları ətraflı tanıtmaq. Müsahibələrdə vaxtını aldığım dəyərli elm adamları və varislər haqlarını halal etsinlər. Yaranan duruma görə tamaşaçılarımızdan üzr istəyirəm. Mənim üçün bu gündən AzTV bitib".

Məsələ ilə bağlı AzTV “Facebook” səhifəsində açıqlama yayıb.

Paylaşımda qeyd edilir:

“Bu gün AzTV hansısa verilişi efirə verməməkdə ittiham olunur.

Əvvəla, həmkarlarımızdan soruşmaq istərdik ki, söhbət hansı verilişdən gedir? Yaxud nəzərdə tutduqları verilişin adını çəksinlər, biz də maraqlanaq ki, həmin verilişin anonsu AzTV-nin efirində yayımlanıbmı? Efirdə deyilibmi, yaxud proqramda yazılıbmı ki, bu veriliş efirə gedəcək? Əgər yazılmayıb və deyilməyibsə, hansısa verilişin TV-də yayımlanmaması ilə bağlı ittiham irəli sürmək hansı əsasa və ya məntiqə sığır?

İkincisi, TV-də onlarla verilişlər hazırlanır, bəzən hətta anonsu verilsə də, efirə daha çox texniki səbəblərdən təqdim olunmur. Bu xəbərdirmi? Və ya bundan xəbər düzəltmək nə dərəcədə məntiqli və peşəkar yanaşmadır?

Mövzuya gəlincə, AzTV-də Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları barədə yüzlərlə material yayımlanıb və bu gün də efirə verilir. M.Ə.Rəsulzadənin nəvəsinin ilk olaraq məhz AzTV-də efirə çıxması və maraqlı açıqlamalar verməsini diqqətli tamaşaçılar, yəqin ki, unutmayıblar.

Odur ki, bu mövzuda hər hansı kampaniyaya start verilməsinin özü, düşünürük ki, ayıbdır".

pia.az