Durmadan artan qiymətlər... - Özəl sektorda çalışanların sosial müdafiəsi təmin olunurmu?

Müxtəlif rüsumların artması, enerji və xidmət qiymətlərinin qalxması və vergi dəyişikliyi və çoxlu sayda inzibati maneələr özəl sektorda maaş artımını faktiki olaraq imkansız edir...

İqtisadçı-ekspert: “Maaş artımının özəl sektora tranformasiyası orta və uzun müddətli dövrdə gözləniləndir. Yəni qısa müddətdə bu baş verməyəcək”.

“Bu orta və uzun müddətli dövrdə kəmiyyət dəyişikliyinə aparıb çıxaracaq. Yəni özəl sektorda əmək haqqının artımı ilə bağlı təşəbbüslər ortaya çıxacaq”.

Bu sözləri iqtisadçı-ekspert Rəşad Həsənov qiymət artımı fonunda özəl sektorda çalışanların vəziyyətini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanda yeni ildən qiymət artımları özünü ciddi şəkildə göstərməkdədir. Bu arada büdcədən maliyyələşən təşkilatlarda bu ildən maaş artımı olacaqsa da, bunu özəl sektorla bağlı söyləmək çətindir, daha doğrusu mümkün deyil. Müxtəlif rüsumların artması, enerji və xidmət qiymətlərinin qalxması və vergi dəyişikliyi və çoxlu sayda inzibati maneələr özəl sektorda maaş artımını faktiki olaraq imkansız edir.

Bu qiymət artımı fonunda özəl sektorda, xüsusən istehsal və xidmət sahəsində ağır şərtlər altında çalışan fəhlə və qulluqçuların sosial sosial müdafiəsi təmin olunurmu?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Rəşad Həsənov ilə müzakirə edib.

Rəşad Həsənov: “Hökumətin hesabatından çıxarılan göstəricilər onu deməyə əsas verir ki, özəl sektorda çalışanların 400 minə yaxın hissəsi minumum əmək haqqı ilə çalışır. Yəni onlar bu günə qədər 250 manata, bu gündən sonra isə 350 manata çalışacaq. Bu qiymət artımları təbii ki, bu insanların yoxsullaşmasına və maliyyə büdcələrinin pisləşməsinə gətirib çıxaracaq”.

1 milyon 700 min əmək müqaviləsi ilə çalışan insanların 900 mindən artıq hissəsinin dövlət sektorunun payına düşdüyünü xatırladan ekspert PİA.az-a bildirib ki, zamanla özəl sektorda əmək haqqının artımı ilə bağlı təşəbbüslər ortaya çıxacaq:

“Qiymət artımı bütün sahələrdə çalışanlar üçün əhalinin gəlirlərinin differensiallamasına aparır. Amma təbii ki, dövlət sektorunda bir mexnizm var. Bu mexanizm vasitəsilə hazırda qiymət artımından yaranmış maliyyə yükünün kompensasiyası istiqamətində tədbir görülür.

Maaş artımının özəl sektora tranformasiyası isə orta və uzun müddətli dövrdə gözləniləndir. Yəni qısa müddətdə bu baş verməyəcək. Təbbi ki, dövlət sektoru əmək bazarında əsas rəqiblərdən hesab olunur. Çünki bir milyon 700 min əmək müqaviləsi ilə çalışanlardan 900 mindən artıq hissəsi dövlət sektorunun payına düşür. Demək ki, dövlət sektorunda əmək haqqı artırılsa, bu özəl sektor üçün bir rəqabət formalaşdırır.

Amma bir daha qeyd edim ki, bu orta və uzun müddətli dövrdə kəmiyyət dəyişikliyinə aparıb çıxaracaq. Yəni özəl sektorda əmək haqqının artımı ilə bağlı təşəbbüslər ortaya çıxacaq. Çünki bu özəl sektor pandemiyanın təzyiqləri altında qalmışdı. İndi isə bir çox sahələrdə fəaliyyətin bərpa edilməsi rəqabət mühitini formalaşdıracaq.

Rəşad Həsənov: “Kənd təsərrüfatında əmək müqaviləsi ilə çalışanlar üçün orta aylıq əmək haqqı 350 manat ətrafında dəyişir. Muzdlu olaraq ağır əmək şəraitində çalışan fəhlələrin də maaşları aşağıdır və heç də artan qiymətlərə uyğun deyil”.

Onu da qeyd edim ki, bəzi sahələrdə, məsələn maliyyə, sığorta sahəsində orta aylıq əmək haqqı 1700 manatın üzərindədir. Bura sahədə çalışanlara qiymət bahalaşmasının təsiri daha az olacaq. Amma kənd təsərrüfatında əmək müqaviləsi ilə çalışanlar üçün orta aylıq əmək haqqı 350 manat ətrafında dəyişir. Muzdlu olaraq ağır əmək şəraitində çalışan fəhlələrin də maaşları aşağıdır və heç də artan qiymətlərə uyğun deyil.

Hökumətin hesabatından çıxarılan göstəricilər onu deməyə əsas verir ki, özəl sektorda çalışanların 400 minə yaxın hissəsi minumum əmək haqqı ilə çalışır. Yəni onlar bu günə qədər 250 manata, bu gündən sonra isə 350 manata çalışacaq. Bu qiymət artımları təbii ki, bu insanların yoxsullaşmasına və maliyyə büdcələrinin pisləşməsinə gətirib çıxaracaq”.

Nərminə UMUDLUpia.az