İlkin iqtisadi yekunlar nə göstərir?

London İqtisadiyyat Məktəbinin professoru, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu Azərbaycan iqtisadiyyatının durumunu şərh edib.

Novator.az-ın məlumatına görə, o, 2021-ci ilin 11 ayının nəticələrinə nəzər salaraq qeyd edir ki, idxal, xüsusilə də qida malları idxalı artıb: “Yanvar-noyabr aylarında yeyinti məhsulları idxalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz yüksəlib. Həmin dövrdə ölkəyə 1,7 milyard dollarlıq yeyinti məhsulu gətirilib. Yanvar-oktyabr aylarında idxal qiymətləri indeksinin orta illik artımı 21,4 faizə çatıb.

İstehlak və istehlakçı qiymətləri indekslərinin hər ikisi artıb. Rəsmi statistikaya görə, ötən ilin noyabr ayında 2020-ci ilin noyabr ayına nəzərən 11,1 faiz inflyasiya gedib. 11 ayda isə 6,2 faiz qiymət artımı qeydə alınıb.

Tənzimlənən qiymətlərin, həmçinin mövsümi xarakterli məhsulların qiymət yeniliyi nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 3,9 faiz olub. Kommunal tariflərin qaldırılması illik inflyasiyanın dörddə birini formalaşdırıb.

Ötən il istehsalçı qiymətləri indeksi də artıma meyilli olub. Oktyabrda ötən ilin eyni dövrü ilə müqayisədə emal sənayesində istehsalçı qiymətləri indeksi 29,9 faiz, kənd təsərrüfatı istehsalçı indeksi 14,4 faiz, ölkədə avtomobil nəqliyyatı ilə yükdaşıma qiymətləri indeksi 11,7 faiz artıb.

Ötən il manat ABŞ dollarına nisbətdə sabit qalsa da, əsas ticarət tərəfdaşı olan Avropa İttifaqının vahid valyutası avroya nisbətdə bahalaşıb. Bu səbəbdən Dövlət Neft Fondunun itkisi, büdcədənkənar xərcləri 500 milyon manatdan çox olub.

Xarici sərmayələrin, kapitalın, texnologiyanın əsas istiqaməti yenə də neft sektorudur. 2021-ci ilin yanvar-noyabr aylarında əsas kapitala yönələn bütün növ sərmayələr 2020-ci ilin eyni dövrü ilə müqayisədə 11,2 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 12,9 faiz azalıb”.

pia.az