Cəlilabadda Vətən müharibəsi şəhidinin adına tikilən bulağının açılışı olub - Foto

Cəlilabad rayonunun Sadatlı kəndində Vətən müharibəsi şəhidi Tacir Eminovun adına tikilən xatirə bulağının açılışı olub.

"Report"un Muğan bürosunun məlumatına görə, mərasimdə rayon ictimaiyyətinin nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.

Onlar 20 yaşlı şəhidlə bağlı xatirələrini bölüşüblər, onun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan danışıblar.

Daha sonra şəhidin məzarı ziyarət edilib.

Qeyd edək ki, Eminov Tacir İntiqam oğlu 2001-ci il dekabrın 31-də Cəlilabad rayonunun Sadatlı kəndində anadan olub. Tərtər rayonunun Suqovuşan qəsəbəsinin düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” və "Vətən uğrunda" medalları ilə təltif edilib.

pia.az