Azərbaycan Almaniyadan nələri öyrənməlidir?

Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənovun Oxu.Az-a müsahibəsi:

- Almaniyada yeni hökumət formalaşdı. Bu hökumət Bakı-Berlin əlaqələrinin prioritetlərinə yenidən baxa bilərmi?

- Azərbaycan Almaniya üçün hər zaman Cənubi Qafqazda ən önəmli iqtisadi tərəfdaş olub. Gələcəkdə də bu dəyişməyəcək. Almaniyada yeni hökumət qurulduqdan sonra Almaniya Xarici İşlər Nazirliyinə rəhbərlik Sosial Demokratlardan Yaşıllar Partiyasına keçdi. Almaniyada xanım Annalena Baerbock xarici işlər naziri olacaq.

- Bəs bu, Azərbaycan-Almaniya münasibətləri üçün hansı şanslar yarada bilər?

- Bildiyimiz kimi, torpaqlarımız işğaldan azad edildikdən sonra cənab Prezident İlham Əliyev Qarabağda bütövlükdə bərpa olunan enerjidən istifadə ediləcəyini bildirdi. Məhz bu, Almaniya-Azərbaycan münasibətlərində yeni perspektivlər, imkanlar yaradır. Çünki Almaniya bərpa olunan enerji sahəsində dünyada nömrə birdir. Məhz Yaşıllar Partiyası Almaniyada bərpa olunan enerji, təbiətin qorunması və bu kimi məsələləri öz siyasi strategiyasında başlıca prioritet hesab edən siyasi partiyadır.

Məncə məhz bu istiqamətdə hər iki tərəf üçün faydalı olacaq əməkdaşlıq perspektivləri yaranır. Bu barədə Almaniyanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Mattias Lüttenberqlə parlamentdə görüşümüz zamanı da qısa söhbətimiz oldu. Ümumilikdə, yeni yaranan hökumətin Azərbaycanla əməkdaşlıqda maraqlı olacağını güman edirəm.

- Azərbaycanla Almaniya arasındakı münasibətlərdə daha nələr olmalıdır ki, əlaqələr daha da yüksək səviyyəyə qalxsın?

- Bu sualı cavablandırmaq üçün münasibətlərimizdə olan birgə tarixə nəzər salmalıyıq. 200 il öncə almanlar azərbaycanlılarla birgə sülh və əmin-amanlıq içərisində Azərbaycanda yaşayıblar. Böyük yaşayış məskənləri salıblar və onlardan biri də məhz bu gün mənim seçki dairəmdir - Şəmkir. Keçmiş adı ilə Annenfeld. Hətta Azərbaycan Demokratik Respublikasının parlamentində milli azlıq kimi alman deputat da təmsil olunub. Həmin deputatın adı Lorenz Jacob Kuhn olub. Bu gün isə xaricdə təhsil almaq istəyən bir çox tələbəmiz üçün Almaniya ən cəlbedici ölkədir. Almaniyada minlərlə azərbaycanlı yaşayır, təhsil alır, çalışır. Onlar Almaniya cəmiyyətinin bir hissəsinə çevrilə bilir. Bu, onu göstərir ki, hər iki xalq arasında dostluq münasibətləri, birgəyaşayış, qarşılıqlı olaraq bir-birini anlamaq keçmişdə olub, bu gün var və gələcəkdə də olacaq. Demək istədiyim odur ki, əslində əlaqələrimiz bir çox sahədə yüksək səviyyədədir. Bu varsa, biz siyasi sahədə də münasibətləri daha yüksək səviyyəyə gətirə bilərik. Almaniya Avropa İttifaqı ölkələri arasında ən güclü ölkələrdəndir və Azərbaycan hər zaman Almaniya ilə dostluq münasibətlərinin inkişafında maraqlıdır.

Almaniyadakı səfirliyimiz də bu istiqamətdə uğurla fəaliyyət göstərir. Ümid edirəm ki, yeni hökumətlə əməkdaşlıq bu münasibətlərin inkişafına kömək edəcək.

- Almaniya Rusiyanın başladığı “Şimal axını-2” layihəsinin öz ərazisindən keçməyə mane ola biləcəkmi?

- “Şimal axını-2” layihəsinin gələcəyini bir çox hadisələrin gedişatı müəyyənləşdirəcək. Ukrayna və Rusiya arasındakı siyasi-hərbi gərginlik, Avropanın Rusiyadan enerji asılılığını artırması və sair məsələlər. Bütün bunlar “Şimal axını-2” layihəsinin gələcəyinə təsir edəcək. Hazırda layihə Almaniya hökumətində təmsil olunan siyasi partiyalar arasında fikir ayrılıqlarına gətirib. Almaniyanın xarici siyasətini müəyyən edəcək Yaşıllar Partiyası “Şimal Axını-2” layihəsinə o qədər də isti münasibət sərgiləmir. Burada onu demək yerinə düşür ki, Azərbaycan qazının Avropaya daşınmasını təmin edən Cənub Qaz Dəhlizi bu problemləri nəzərə aldıqda Azərbaycanın Avropa üçün nə qədər etibarlı və önəmli tərəfdaş olduğunu da göstərir.

- Almaniya mətbuatında Azərbaycan haqqında neqativ tonda məqalələr dərc edilir. Gəlin faktlarla danışaq: Bu ifadə və söz azadlığının təzahürləridir, yoxsa qarayaxma kampaniyasıdır?

- 44 günlük müharibə vaxtı və Almaniyada seçkilər keçirilmədən öncə Azərbaycanla bağlı təəssüf ki, bir çox neqativ məzmunlu xəbərlər Almaniya mediasında yayımlandı. Göründüyü kimi, bunlar periodik oldu və buna görə də belə neqativ xəbərləri qərəzli və bir çox hallarda erməni lobbisinin işinin nəticəsi kimi dəyərləndirmək olar. Azərbaycanla dostluq münasibətləri olan bir çox almaniyalı siyasətçilər təəssüf ki, qarayaxma kampaniyasının hədəfinə çevrildi.

- Almaniya Avropa İttifaqının və Qərb siyasi mərkəzinin aparıcı qüvvəsidir. Biz Almaniya təcrübəsindən nələri öyrənməliyik?

- Düşünürəm ki, Azərbaycan Almaniyanın təhsil və səhiyyə sistemindən faydalanmalıdır. İnformasiya texnologiyaları sahəsində Almaniyada təhsil alan gənclərimizin sayını mümkün qədər artırmaq lazımdır. Gələcəkdə onların Azərbaycanda işləmələri üçün cəlbedici şərait yaradılmalıdır. Onların ölkəmizə qayıdıb, öz biliklərini ölkəmizdəki gənclərə çatdırmaları Azərbaycana gələcəkdə çox böyük üstünlüklər qazandırar. Bu baxımdan Almaniya ilə informasiya texnologiyaları sahəsində xüsusi tələbə mübadilə proqramları yaradıla bilər. Berlin çox yaxın gələcəkdə Avropanın silikon vadisi olacaq. Bunu nəzərə almalıyıq.

Bu gün Almaniyada tibb sahəsində çalışan peşəkar azərbaycanlı həkimlərimiz var. Arzu edərdim ki, onlar Almaniyada öz vətənini unutmasınlar və Azərbaycan tibb elminin inkişafına töhfə verməyə cəhd etsinlər. Almaniyada yaşayan belə azərbaycanlı həkimlər var. Biz onları gücümüzlə dəstəkləməyə hazırıq.

- Parlamentlər arasındakı əlaqələr keyfiyyətcə yeni mərhələyə adlayıbmı?

- Parlamentlər arasında əlaqələr təəssüf ki, yeni mərhələyə adlaya bilməyib. Buna səbəb isə hələ ki Bundestaqda Almaniya-Cənubi Qafqaz parlamentlərarası dostluq qrupunun formalaşmamasıdır. Nəticədə isə parlamentlərarası münasibətlərdə durğunluq mövcuddur. Yeni ildən sonra Almaniya parlamentində dostluq qrupunun formalaşması gözlənilir, daha sonra parlament diplomatiyası işə düşə bilər.

pia.az