Naxçıvan DİN-in DYP İdarəsində rüşvət mexanizmi: Rəşad İsmayılovun qəribə göstərişləri

Naxçıvan polis orqanlarında da ən gəlirli sahə DYP strukturlarıdır. Bununla belə, Muxtar Respublika yol polislərinin kəşf etdiyi elə maraqlı rüşvət mexanizmi var ki, onları Azərbaycanın digər bölgələrindən əsaslı şəkildə fərqləndirir. Ovqat.com-un Naxçıvan MR DİN-dəki etirbarlı mənbələrdən aldığı məlumata görə, hələ nazir Fazil Ələkbərov “gedər-gəlməz” məzuniyyətinə göndərilməmişdən 1 il qabaq da bu mexanizmin başında onun sabiq müavini, indi isə əvəzedicisi olan Rəşad İsmayılov dayanır. Mexanizmin digər çərxlərinə gəlincə, istərsəniz, bunu adının çəkilməsini istəməyən mənbəmizin dilindən dinləyək:“Son dövrlərdə Naxçıvanda yollara quraşdırılan təhlükəsizlik kameralarının sayı artırılmışdır. Bunun əsas səbəbi vətəndaşların təhlükəsizliyini təmin edtmək deyil. Əsas məqsəd vətəndaşların qanını daha çox sormaqdır. Naxçıvan şəhərindəki təhlükəsiz kameraları Muxtar Respublika DİN-in İnformasiya və Komunikasiya Şöbəsinin tabeçiliyindədir. Şöbənin rəisi, polis polkovniki Kənan Məmmədzadədir. Kənan Məmmədzadənin tabeçiliyində olan əməkldaşlar yol hərəkəti qaydalarını pozaraq təhlükəsiz kameralarına düşmüş sürücülərin video görüntülərini və siyahısını hazırlayaraq Daxili İşlər naziri əvəzedicisi Rəşad İsmayılova göndərirlər. Rəşad İsmayılov siyahını nəzərdən keçirərək “okey” verib Dövlət Yol Polisi İdarəsinin rəisi, polis mayoru Ayaz Quliyevə göndərir. Ayaz Quliyev isə müavini Musa Əsgərov ilə siyahını Naxçıvanın rayonları üzrə təsnifləşdirir. Daha sonra hər rayon üzrə təyin edilmiş polis nəfərlərinə verilir. Polis nəfərləri siyahını aldıqdan sonra qayda pozuntusu törətmiş sürücülərə zəng edərək onları olduqlara yerə dəvət edirlər. Sürücü çağırılan yerə gəlib çatanda, kompyuter vasitəsi ilə törədilmiş qayda pozuntusu ona göstərilir rüşvət tələb olunur. Məsələn, deyilir ki, sənin törətdiyin qayda pozuntusunun qanuni cəriməsi 100 manatdır. Sən gəl 80 manat ver, biz də sənə protokol tərtib etməyək və görüntünü silək. Bu yolla səndə qazan, bizdə qazanaq. Əlbəttə ki, çox insan bu təklifi qəbul edir. Dövlət büdəcəsinə getməli olan vəsait avtomatik olaraq ciblərə axır.

Alınan pul yekunda göndərilir Ayaz Quliyevə. Ayaz Quliyev həmin məbləğdən özünə və tabeçiliyində olan əməkdaşlara çatacaq hissəni götürdükdən sonra yerdə qalanl Nazirliyin Maliyyə Şöbəsinin rəisi Əbülfəz Vəliyevə göndərir. Əbülfəz Vəliyev isə Kənan Məmmədov və onun tabeçiliyndə olan əməkdaşlara çatacaq məbləği verdikdən sonra qalan hissəni Rəşad İsmaylova göndərir. Sxem belədir. 15% Ayaz Quliyevə + 15% Kənan Məmmədova + 70 % Rəşad İmsayılova. Bu yolla il ərzində milyonlarla manat mənimsənilir. Əlavə olaraq, Naxçıvanın rayonlarında qayda pozuntusuna yol vermiş sürücülərin maşınları həmin rayonların polis şəbəsinə deyil, DYPİ-nin həyətinə gətirilir. Məsələn, deyək ki, Sədərək rayonunda sükan arxasında mobil telefondan istifadə edərkən qayda pozuntusu törətmisiniz. Avtomobilinizə ilə bilrilikdə 90 km uzalıqdakı Naxçıvan şəhərinə DYPİ-yə gətiriliriz. Bu ona bənzəyir ki, Lənkəranda qayda pozmuş sürücünü avtomobili ilə birlikdə Xırdalana gətirirlər. DYPİ-yə gətirilən sürücünün sənədləri alınır avtomobili isə cərimə meydançasında saxlanılır. Sükan arxasında mobil telefon istifadə etməyin cəriməsi 50 manatdırsa, ondan 300-400 manat tələb olunur. Sürücü tələb olunan məbləği verənə qədər nə sənədlər, nə də avtomobil özünə qaytarılır. Bu işə Ayaz Quliyev və onun müavini Musa Əsgərov rəhbərlik edir. Avtomobillərin Naxçıvan şəhərin gətirilməsinin isə bir səbəbi var: aidiyyəti rayon polis şöbəsinin rəisinə rüşvətdən pay çatmasın. Zira Sədərək rayonunda qayda pozmuş sürücü həmin payonun polis şöbəsinə aparılarsa, məntiqlə ondan alınmış məbləğdən Sədərək RPŞ-nin rəisinə də pul veriilməlidir. Sırf öz cibləri dolsun deyə xalqa əziyyət verirlər. Aydın məslədir ki, buradan Ali Məclisə də xüsusi pay göndərilir”.

Qeyd edək ki, Naxçıvan MR DİN-dəki qaynaqlardan aldığımız məlumatı “Gündəlik Naxçıvan” adlı Facebook səhifəsi də təsdiqləyir. Səhifənin 5 noyabr 2021-ci il tarixli paylaşında bildirilir:Naxçıvanda sürücülər DYP əməkdaşlarını rüşvət almaqda günahlandırırlar. Onlar bildirir ki, yol polisləri təhlükəsizlik kameralarında qeydə alınan yol hərəkəti pozuntularını silmək üçün sürücülərdən pul tələb edirlər. Polislər öncə kameralara düşmüş pozuntunu təsbit edir, sənədləşdirmə aparmadan əvvəl isə sürücüyə zəng vurub, sövdələşmə üçün müvafiq yerlərə dəvət edirlər. Burada isə qanunla ödənməli olan cərimənin bir miqdarını onlardan rüşvət şəklində istəyirlər ki, pozuntu sənədləşdirilməsin. Beləliklə, büdcəyə daxil olacaq pullar mənimsənilir.

Naxçıvan sakini Aslan Muradov "Gündəlik Naxçıvan"a deyir ki, bu yaxınlarda ona da yol polislərindən belə bir zəng gəlib:"Mənə zəng edib dedilər ki, yol hərəkətini pozarkən kameraya düşmüsən, gəl həll edək. Məni çağırdılar Naxçıvan şəhər 5 nömrəli məktəbin yanındakı yol ayrıcına. Getdim ki, oturublar 85 YP 067 nömrəli maşında. Dəvət etdilər içəri, bir gün öncə baş verən hadisəni mənə göstərdilər. Mənim cərimə əslində 50 manatlıq idi. Dedilər ki, bu pozuntunu qiymətləndirmək bizim əlimizdədir. İstəsək 100 manatlıq cərimə yazarıq, istəsək 50. Ancaq, 70 manat versən, heç sənədləşdirmərik, bağlanıb gedər. Yox, istəmirsənsə, 100 manat cərimə yazacağıq, gedib banka ödəyərsən. Nə qədər dedismə, 50 manatlıq qanuni cəriməmi yazın, büdcəyə ödəyin, razı olmadılar. Məcbur olub 70 manat rüşvət verdim ki, 100 manat yazmasınlar. Dedim bəs, görüntü necə olacaq, dedilər ki, narahat olmayım, yuxarıdan silinəcək".

Eyni halla üzləşən, təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən başqa bir sürücü isə deyir ki, o təklif olunan rüşvətlə razılaşmayıb: "Polislər zəng edib, yaşadığım rayon üzrə Avtomobillərin Texniki Baxışı bölməsinə çağırdılar. Dedilər ki, kameraya düşmüsən, 50 manat qanuni cərimə var. Ancaq, 35 manat bizə versən, görüntü yuxarıdan silinəcək, cərimə də yazılmayacaq. Mən razılaşmadım və bildirdim ki, qanuni nədirsə yazın, büdcəyə ödəmək istəyirəm. Onlar da elə etdi". Sürücülər deyir ki, pul toplama işinin arxasında Naxçıvan MR DYP rəisi Ayaz Quliyev durur. Təhlükəsizlik kamerasına düşən görüntüləri silmək işinə isə Naxçıvan MR DİN Təhlükəsiz Şəhər sisteminin yetkililəri baxır.

Naxçıvan MR Dövlət Yol Polisi rəisi Ayaz Quliyev sürücülərin suallara cavab verməkdən imtina edib. Növbətçi hissə rəisi Əli Əliyev isə məsələni araşdırmadan sürücülərin dediklərinin yanlış olduğunu söyləyir: "Sürücülər düz danışmır, belə şey olmayıb". Amma hissə rəisi analoji halların keçmişdə baş verdiyini təsdiqləyir: "Vaxtilə rüşvət alan əməkdaşlarımız olub və onlar artıq işdən çıxarılıb".Azərbaycanın digər rayonlarından Naxçıvana qonaq gedən sürücülər də Muxtar Respublikanın yol polisindən narazılıq edirlər. Onların bildirdiyinə görə, indiyədək dünyanın müxtəlif ölkələrinə səfər ediblər. Amma heç birində Naxçıvandakı qədər absurdlarla üzləşməyiblər. Məsələn, Rusiyada Azərbaycan sürücülərinin 45 gün ölkədə qalmaq müddəti var. Azərbaycanın bir hissəsi olan Naxçıvanda isə digər bölgələrimizdən gələn sürücülərə uzağı 30 gün sərbəst hərəkət etmək icazəsi verilir. Bu müddət dolanda isə onlardan astronomik miqdarda cərimə-rüşvət tələb olunur.

pia.az