Atasını öldürdükdən sonra yandıran Gəncə sakini tutulub

Gəncədə oğulun atasını qətlə yetirməsinin bəzi təfərrüatları məlum olub.

APA-nın hadisə yerində olan müxbirinin əldə etdiyi məlumata görə, qətl evin satılması ilə bağlı yaranmış mübahisə zəminində törədilib.

Mərhumum qohumlarının bildirdiyinə görə, ata ilə oğul arasında evin satılması üstündə mübahisə düşüb. Evdə onların arasında yaranan mübahisə zamanı oğul atasını boğaraq öldürüb. Sonra isə polisə onun guya itməsi barədə yalan məlumat verib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 10-dan axtarılan Azad Məmmədovun cəsədi yaşadığı evin həyətində yanmış və parçalanmış halda aşkarlanıb. Oğlu, 25 yaşlı Məhəmməd Məmmədov tərəfindən öldürülən A.Məmmədovun cəsədinin tapılmasında polislə yanaşı qohumlar da iştirak edib. Meyitin tapılmış hissəsi üzərində ayaqlar və bir qol olmayıb. Ehtimal olunur ki, bu hissələr oğlu tərəfindən cəsəddən ayrılıb və zibilliyə atılıb.

Baş vermiş hadisə ilə bağlı mərhumun oğlu və yanaşı həyat yoldaşı da istintaqa cəlb edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi başlanıb.

pia.az