“WikiLeaks”in qurucusu həbsxanada insult keçirib

“WikiLeaks”in qurucusu Culian Assanc 2019-cu ildən həbsdə olduğu Londonun Belmarş həbsxanasında insult keçirib.

Bu barədə onun nişanlısı Stella Morrisə istinadən “Daily Mail” məlumat yayıb.

Xanımın sözlərinə görə, hadisə oktyabrın 27-də baş verib. Həmin gün Assanc videobağlantı vasitəsilə London Ali Məhkəməsində çıxış edib.

Morrisin fikrincə, insult uzun sürən məhkəmə çəkişmələri səbəbindən stresdən qaynaqlanıb.

Həmçinin “WikiLeaks”in yaradıcısının xarici görünüşü də dəyişikliklərə məruz qalıb. Onun sağ göz qapağı sallanıb, yaddaş və nevroloji problemləri var.

Qeyd edək ki, cümə günü Britaniya məhkəməsi Culian Assancın ABŞ-a ekstradisiyasına icazə verib. Okeanın o tayında məhkuma qarşı qeyri-qanuni məlumat əldə etmək və casusluq ittihamı ilə 18 cinayət işi qaldırılıb. Bu ittihamlara əsasən, avstraliyalı 175 il müddətinə azadlıqdan məhrum edilə bilər.(oxu.az)

pia.az