Türkiyədə azərbaycanlı gəncin meyiti dənizdən tapıldı - Video

Türkiyənin Zonquldaq şəhərinin Ereğli rayonunda yük gəmisində işləyən azərbaycanlı gənc dənizə düşüb, bundan 32 saat sonra onun cəsədi tapılıb.

Bildirilir ki, ötən gün Panama bayrağı ilə üzən “Ünzile Ana” yük gəmisi Ereğli rayonundakı limanda lövbər salıb. Azərbaycan əsilli 22 yaşlı Anar Orucov da gəmidəki qırılan kəndiri təmir etmək istəyib. Bu əsnada başqa gəminin kəndiri dənizçiyə dəyib və o, suya yıxılıb.

Hadisə barədə məlumat alan kimi sahil mühafizə qüvvələri və Xilasetmə Xidməti əraziyə cəlb edilib. Gecə saatlarında başlayan axtarışlar gün ərzində nəticəsiz davam edib. Fırtına başladığı üçün iş dayandırılsa da, bir müddət sonra axtarışlara yenidən başlanılıb.

Nəhayət dalğıclar bu gün səhər saatlarında azərbaycanlı dənizçinin meyitini aşkarlayıblar. Dənizdən çıxarılan cəsəd Ereğli Dövlət Xəstəxanasının morquna aparılıb.

Baş verənlərlə əlaqədar istintaq başlanılıb.(oxu.az)

pia.az