Yanukoviç hakimiyyətə qayıtmağa çalışır

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç, çox güman ki, növbəti dəfə Ukrayna prezidentliyi uğrunda mübarizə aparmaq niyyətindədir. Yanukoviç Kiyev şəhərinin rayon məhkəməsinə müraciət edərək, Ali Radanın onun “özünün istefası” ilə bağlı qərarını qanunsuz hesab etməyi tələb edib. Keçmiş dövlət başçısının iştirakı ilə keçiriləcək yeni prosesi onun mətbuat katibi Yuri Kurasir açıqlayıb. O, bu barədə özünün “Facebook” səhifəsində yazıb.

Yanukoviçin sözçüsü bildirib ki, onlar Radanın yeddi il əvvəl qəbul etdiyi qətnaməni Ukraynanın demokratik yolla seçilmiş prezidentinə qarşı dövlət çevrilişi kimi qiymətləndirirlər. Kurasirin sözlərinə görə, bu qərar ölkəni fəlakətə sürükləyib, Krımın və Donbassın itirilməsinə və Ukraynanın Avropanın ən kasıb dövlətinə çevrilməsinə səbəb olub.

Bundan əvvəl Yanukoviçin vəkili Vitali Serdyuk Ukraynanın hazırkı prezidenti Vladimir Zelenskiyə müraciət edərək, müvəkkilinə qarşı təqiblərin dayandırılmasını tələb edib. Serdyukun sözlərinə görə, Yanukoviçi dövlətə xəyanətdə ittihamlar siyasi motivlidir. (virtualaz.org)

pia.az