Türk Dövlətləri Təşkilatının iqtisadi sütunu gücləndirilməlidir

Azərbaycanın Qarabağ zəfərinin ardından formalaşan siyasi ab-hava ilə açılacaq dəhliz Türk Dünyası ilə Türkiyəni daha sürətli, daha təhlükəsiz və daha az xərclə birləşdirəcək...

Levent Yılmaz“Yeni Şafak” qəzeti, Türkiyə, 18 noyabr 2021-ci il

Ötən həftə türk tarixi baxımından çox əhəmiyyətli bir hadisə baş verdi. İstanbulda keçirilən sammitdə Türk Şurasının adı dəyişdirilərək “Türk Dövlətləri Təşkilatı” adlandırılıb. Türkiyənin ev sahibliyi etdiyi sammitdə Türkiyə prezidenti Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Qasım Comərd Tokayev, Qırğızıstan prezidenti Sadir Çaparov, Özbəkistan prezidenti Şövkət Mirziyoyev, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov, Macarıstanın baş naziri Viktor Orban iştirak edib. Sammitdə Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev də iştirak edib.

Ərdoğanın baxışı

Türkiyənin öz bölgəsində və bölgəyə yaxın coğrafiyada effektivliyi günü-gündən artır. Təbii ki, bu vəziyyətin siyasi, sosioloji və iqtisadi əsasları var. Türk dünyasındakı prosesləri ən yaxşı təhlil edən ekspertlərdən biri, dəyərli dostum Sevil Nuriyeva İsmayılova “Türk Dövlətlərinin Təşkili” adlı məqaləsində bu vəziyyəti belə izah edir: “Türkiyənin və xüsusilə də prezident Ərdoğanın baxışı hər kəsə təsir etdi. O, coğrafiya sosiologiyasına, ictimai fikrə, siyasi dilə və tarixi prosesə olan baxışa dərindən təsir edib”.

Təşkilatın qısa tarixi

Türk Şurasının ilk sammiti 2011-ci ildə Almatıda keçirilib. Onun ilk mövzusu “İqtisadi və Kommersiya Əməkdaşlığı” olub. Daha sonra “Təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq”, “Nəqliyyat”, “Turizm”, “Media informasiyası”, “Gənclər və milli idman növləri” və “KOBİ-lərə dəstək” mövzuları ilə ümumilikdə 7 sammit keçirilib. İstanbulda keçirilən sonuncu sammitin mövzusu “Rəqəmsal dövrdə yaşıl texnologiyalar və ağıllı şəhərlər” olub.

Növbəti mövzu iqtisadiyyat olmalıdır

Mövzuya Türk Dövlətləri Təşkilatı kontekstindən baxsaq, türk dünyası tarixinin, mədəniyyətinin, könül birliyinin nə qədər güclü olduğunu görərik. Ancaq bilirik ki, məsələnin iqtisadi tərəfi müxtəlif səbəblərdən həmişə arxa planda qalır. Aşağıdakı cədvəldə təfərrüatları görmək mümkündür, lakin qısaca olaraq iqtisadi münasibətlərdə vəziyyət belədir: Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin Türkiyənin ümumi xarici ticarətindəki payı cəmi 3,17% təşkil edir. Bu nisbəti artırmaq lazımdır. Təbii ki, buna töhfə verəcək proseslər var. Bunlardan biri də Zəngəzur dəhlizinin açılışıdır.

Zəngəzur dəhlizinin əhəmiyyəti

Bəzi mənbələrdə Naxçıvan dəhlizi kimi təyin olunan, Ermənistanın işğalı və bəzi region ölkələrinin dəstəyi ilə bağlanan və keçmişdə təhlükəsizliyi təmin oluna bilməyən Zəngəzur dəhlizi ilə bağlı mühüm irəliləyişlər var. Azərbaycanın Qarabağ zəfərinin ardından formalaşan siyasi ab-hava ilə açılacaq dəhliz Türk Dünyası ilə Türkiyəni daha sürətli, daha təhlükəsiz və daha az xərclə birləşdirəcək. Təbii ki, bunun iqtisadi əlaqələrə müsbət töhfə verəcəyi də göz qabağındadır.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVApia.az