Jurnalistlər “ayı məhkəməsi”ndən əvvəl aksiya keçirəcək

Bu barədə qəzetimizin əməkdaşı Elşən Balaxanılı məlumat verib: “Bilirsiniz ki, Anar Məmmədov ”Azadlıq" və “Yeni Müsavat” qəzetlərinə qarşı yarım milyon manatlıq iddia irəli sürüb. Anar Məmmədov bu iddiasına səbəb əvvəlcə “Azadlıq”da, sonra isə “Yeni Müsavat”da onun Qəbələdə Kəmaləddin Heydərovun restoranında 1 milyon ödəməklə ayı kəsdirib yeməsindən bəhs edən məqalələr olub. Nazir oğlu məqalələrin dərcindən 6 ay sonra qəzetləri məhkəməyə verib ayı kababı yemədiyini isbat etmək istəyir. Biz də buna etiraz edirik. Əgər Anar Məmmədov ayını yeməmişdisə, elə bu barədə ilk yazı işıq üzü görəndən sonra etirazını bildirə, xəbərin təkzib olunmasını xahiş edə bilərdi. Bunun əvəzində o, aylarla gözləmə mövqeyində dayanıb. Bu müddətdə digər mətbuat orqanlarında da xəbər tirajlanıb. 6 ay sonra nazir övladının belə bir addım atması bir çox söz-söhbətlər yaradıb. Bu xəbərlərin içində Anar Məmmədovun atası Ziya Məmmədovun oğlunu ölkə rəhbərliyi qarşısında təmizə çıxarmaqdan tutmuş bir çox versiyalar da var. Hələlik həmin versiyaların təfərrüatlarına varmırıq".

Keçiriləcək aksiyanın Təşkilat Komitəsindən isə bildiriblər ki, hazırlıq iclasından dərhal sonra Müdafiə Komitəsi yaradılacaq: “Həmin komitəyə deputatlar, tanınmış hüquq müdafiəçiləri, ictimaiyyət nümayəndələri daxil olacaq. Komitəyə deputatlardan biri rəhbərlik edəcək. Müdafiə Komitəsi Anar Məmmədovun rəhbəri olduğu ”ZQAN Holdinq"in və Nəqliyyat Nazirliyinin qarşısında aksiya keçirəcək. Artıq bizə qoşulmaq üçün Nəqliyyat Nazirliyinin qanunsuz əməllərindən cana doymuş yük maşınlarının və taksi sürücüləri də müraciət ediblər. Jurnalistlərə dəstək aksiyasında “Dalğa” Gənclər Hərəkatının üzvləri maraqlı sürprizlər də vəd ediblər".

Xatırladaq ki, ötən hazırlıq iclası hakim Elçin Qurbanovun prosesdə iştirak etmək istəyənlərə və qəzetlərin vəkillərinə zalda əyləşməyə şərait yaratmadığına görə təxirə salınıb. Hazırlıq iclasının dekabrın10-da saat 11:30-da keçirilməsi qərarlaşdırılıb.

pia.az