Türkiyənin xarici siyasətindəki qarmaqarışıqlıq

İndi keçmişə nəzər salaraq səhvlərlə boğuşmaqdansa, mövcud şəraitdə hüquq və mənafelərimizi qorumaq, yaşamaq və təhlükəsizliyimizi təmin etmək yolları tapılmalı və həyata keçirilməlidir...

Armağan Kuloğlu“Yeniçağ” qəzeti, Türkiyə, 12 noyabr 2021-ci il

Qərbdən dəstək, Rusiyadan da gözlədiyi isti münasibəti görə bilməyən, hətta düşmən kimi qələmə verilən Türkiyə öz hüquq və mənafelərini qorumaq, təhlükəsizliyini və varlığını təmin etmək üçün ciddi səylər göstərir.

NATO-nun mühüm üzvü olmasına baxmayaraq, Türkiyənin ABŞ, Aİ və Aralıq dənizinin şərqində ədalətsiz maraqlar güdən digər ölkələrlə maraqları üst-üstə düşmür, hətta toqquşur. Hətta bəziləri “düşmənimin düşməni dostumdur” prinsipi ilə hərəkət edir. Rusiyanın da maraqları Türkiyə ilə yalnız müəyyən məsələlərdə birləşir, lakin bir çox sahələrdə toqquşmalar var.

Bunlara əlavə olaraq, Türkiyənin son 15 ildə daxili siyasətə material hazırlamaq fikri ilə həyata keçirdiyi bəzi ideoloji vəsvəsələr, yanlış siyasətlər və bunun nəticəsində yaranan tənhalıq da işi olduqca çətinləşdirir. İlkin siyasi və strateji səhvləri düzəltmək üçün taktiki cəhdlər o qədər də effektli olmur. Əslində, bəzi sərt rəftarların davam etməsi alına biləcək müsbət nəticələrin də qarşısını alır.

İndi keçmişə nəzər salaraq səhvlərlə boğuşmaqdansa, mövcud şəraitdə hüquq və mənafelərimizi qorumaq, yaşamaq və təhlükəsizliyimizi təmin etmək yolları tapılmalı və həyata keçirilməlidir. Ancaq bilmək lazımdır ki, içində olduğumuz vəziyyətə görə xərc yüksək olsa belə, həll yollarının çoxunu öz gücümüzlə etməliyik.

Həll yollarında milli güc ünsürləri arasında öncəlik sırasına görə, siyasi gücümüzdən, coğrafiyamızdan/­geosiyasətimizdən, psixososial və hərbi gücümüzdən effektiv bir diplomatiya ilə səmərəli şəkildə istifadə etməliyik.

Problemlər və həll yolları

Suriyanın şimalında ABŞ-ın dəstəklədiyi PKK/YPG/SDG strukturu Türkiyə üçün ən mühüm təhlükədir. Bu məsələ yubandığından Suriya SDG ilə muxtar yerli idarəetmə ilə bağlı razılığa gəlmək üzrədir. Rusiya da SDG-ni ABŞ-a tamamilə itirməmək üçün dəstəkləyir.

Təhlükə get-gedə artır. Müdaxiləni gecikdirmək maddi və mənəvi itkilərimizi artıracaq. Suriyanın təkcə ərazi bütövlüyü deyil, həm də siyasi bütövlüyü qorunmalıdır. Bu səbəbdən, İdlib də daxil olmaqla, ortaq təhlükə ilə bağlı Rusiya və Suriya rejimi ilə dərhal yüksək səviyyədə əlaqə saxlanılaraq əməkdaşlıq edilməlidir. Planlaşdırılan əməliyyat gecikdirilməməlidir.

Rusiya və Əsəd rejimi ilə əldə olunacaq razılaşma təhlükəni zəiflədəcək, mümkün əlavə miqrasiyanın qarşısını alacaq, mühacirlərin geri qayıtmasına imkan verəcək və əlaqələrimizi gücləndirəcək. Bundan əlavə, Rusiya ilə münasibətlərimizi daha da gücləndirmək üçün ümumi təhlükəsizlik və Montre məsələsi öncəlik təşkil edilməlidir. Krım türklərinin həssaslığı nəzərə alınaraq, Krımın mənsubiyyətini gündəmə gətirilməməli, Ukrayna və Gürcüstanın NATO üzvlüyü üçün həddindən artıq istək nümayiş etdirilməməlidir.

Qeyd etmək lazımdır ki, Kiprdə BMT-nin təklif etdiyi federasiya həlli Rusiyaya qarşı bir situasiya yaradacaq. Çünki Birləşmiş Kipr əvvəlcə Aİ-yə, sonra isə bütövlükdə NATO-ya üzv olacaq və Şimali Kiprin dövlət müstəqilliyinin tanınması da bu baxımdan üstünlük qazandıracaq.

Şərqi Aralıq dənizində hüquq və mənafelərimizin qorunması güclü şəkildə təmin edilməli, Yunanıstanın təxribatları nəzərə alınmamalıdır. Yunanıstan-Şimali Kipr-Misir razılaşmasını pozmaq üçün Misirlə daha ciddi və inandırıcı dialoq qurulmalıdır.

Yunanıstanın Fransa və ABŞ-dan sonra İngiltərə ilə razılaşmasına, o cümlədən müdafiə məsələsinə çox da əhəmiyyət verilməməlidir. Bunun sırf Türkiyəni qorxutmaq üçün edildiyi, NATO üzvləri arasında NATO-nun 5-ci maddəsi kimi bir vəziyyətin yaşana bilməyəcəyi vurğulanmalı və bunun gərəksiz, əsassız və təəssüf doğuran hal olduğu izah edilməlidir.

Həmçinin, ABŞ-dakı yəhudi lobbisinin əvvəllər yunan və erməni lobbilərini balanslaşdırdığını və fəal olduğunu və Aralıq dənizinin şərqində Türkiyəyə qarşı birləşmələrin vuracağı zərəri azalda biləcəyini nəzərə alaraq, İsraillə yenidən dialoq qurulmalıdır.

ABŞ-la münasibətlərdə Türkiyənin NATO-ya verdiyi əhəmiyyəti vurğulayaraq, Türkiyənin kənarlaşdırılmasında­n çəkinmək lazımdır.

ABŞ-ın Yunanıstanı ön plana çıxarmaq, Bolqarıstan, Rumıniya vasitəsilə Rusiyanı sıxışdırmaq və yaxud Montre sərhədləri daxilində Qara dənizdə gərginlik yaratmaq strategiyası açıq şəkildə dəstəklənməməlidir.

Demokratiya, insan hüquqları, azadlıqlar və qanunun aliliyi sahəsində heç bir boşluq yaratmadan balanslaşdırılmış, özünəinamlı və ardıcıl siyasət həyata keçirilməlidir.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVApia.az